Madridin “Real” klubu “Barselona”nın Hakimlərin Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Neqreyra ilə əlaqələrinə dair UEFA-ya 50 min səhifəlik material təqdim edib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, “Kral klubu” Kataloniya klubunun Neqreyraya ödənişlər etdiyi 2001-ci ildən 2018-ci ilə qədər qazandığı bütün titullardan məhrum edilməsini istəyir. UEFA isə “Real”ın təqdim etdiyi sənədləri artıq mövcud araşdırma çərçivəsində qiymətləndirir.
Xatırladaq ki, 2023-cü ildə İspaniya Kral Futbol Federasiyasında (RFEF) çalışmış Hakimlərin Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Neqreyra ilə bağlı ödənişlərə görə “Barselona”ya qarşı rüşvətxorluq ittihamı irəli sürülüb. Kataloniya klubu 2001-ci ildən 2018-ci ilə qədər təxminən 8,4 milyon avro məbləğində ödənişlər həyata keçirməkdə ittiham olunub. İş üzrə məhkəmə araşdırması davam edir və hələ yekun qərar verilməyib.
“Barselona”nın versiyasına görə, Neqreyra hakimliklə bağlı texniki hesabatların hazırlanması üçün kənar məsləhətçi kimi işə götürülüb. Keçmiş CTA vitse-prezidenti isə hakimlərə təsir göstərmək məqsədilə ona rüşvət verildiyini təkzib edir. Klub da rəsmi açıqlamalarında daxili araşdırmanın ödənişlərin rəqabətin nəticəsinə təsir göstərmək məqsədi daşıdığına dair heç bir nəticə ortaya qoymadığını bildirib.
