“Barselona”dan “Real”ın UEFA-ya şikayəti ilə bağlı açıqlama

1 Oktyabr 2026 20:25
72
“Barselona”dan “Real”ın UEFA-ya şikayəti ilə bağlı açıqlama

“Barselona” “Real Madrid”in Hakimlərin Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Neqreyra ilə bağlı UEFA-ya sənədlər təqdim etməsinə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Kataloniya klubu bu addımın UEFA tərəfindən Neqreyra işi üzrə yeni araşdırmanın başlanması və ya əvvəlki prosesin yenidən bərpa edilməsi anlamına gəlmədiyini açıqlayıb.

“UEFA-nın Neqreyra işi üzrə araşdırmanı yenidən bərpa edə biləcəyi ilə bağlı xəbərlərə cavab olaraq, “Barselona” FK aşağıdakı aydınlaşdırmaları vermək istəyir:

UEFA “Barselona” FK-ya qarşı yeni intizam işi qaldırmayıb. Bu işlər 2023-cü ildə iki araşdırma nümayəndəsinin təyin edilməsi ilə başlayıb və onlar həmin vaxtdan zəruri hesab etdikləri addımları atıblar. Klub hər zaman onların bütün tələblərini yerinə yetirib. Bu işlər yenidən bərpa olunmayıb, çünki onlar heç vaxt bağlanmayıb.

UEFA-nın bəyanatında Madrid “Real”ı tərəfindən təqdim edilmiş sənədlərin daxil olduğu və cari araşdırma çərçivəsində onlara baxacağı təsdiqlənir. Bəyanatda iki dəfə açıq şəkildə davam edən araşdırma və baxışa istinad edilir. Buna görə də, bu, hər hansı bir işin açılması, bərpası və ya yenidən aktivləşdirilməsini elan etmir, eləcə də təqdim olunan sənədlərin məzmunu və ya dəyəri haqqında heç bir iddia ehtiva etmir.

Araşdırma aparanlar bu sənədlərlə bağlı hansı addımların məqsədəuyğun olduğunu müəyyənləşdirməlidirlər. Bu günə qədər onlar “Barselona” FK-ya heç bir yeni sorğu göndərməyiblər və Madrid “Real”ının şikayətini kluba yönəltməyiblər.

Bu baş verdikdə, klub indiyə qədər olduğu kimi müvafiq qaydada reaksiya verəcək. Mövcud qanunvericiliyə uyğun olaraq, bu iş İspaniyada aparılan araşdırmasının nəticələrindən asılıdır və bu çərçivədə qalacaq.

Araşdırma başlayandan bəri “Barselona” FK heç bir etiraz olmadan UEFA lisenziyalarını almağa davam edir və UEFA tərəfindən keçirilən yarışlarda iştirak edir”, – deyə klubun rəsmi saytında bildirilib.

İdman.Biz