Futbol üzrə Kosovo millisinin hücumçusu Vedat Muriçi UEFA Millətlər Liqasının İrlandiya ilə qarşılaşmasında komandasına qələbə qazandırıb.
İdman.Biz xəbər verir ki, Priştinadakı “Fadil Vokrri” stadionunda keçirilən görüşdə Muriçi 83-cü dəqiqədə fərqlənərək matçın yeganə qolunu vurub. Kosovo qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.
Qoldan sonra tribunaların qarşısına gedən futbolçu üzərində alban dilində “Drejtësi për Çlirimtarët” - “Azadlıq döyüşçüləri üçün ədalət” yazılmış köynəyi nümayiş etdirib. Mənbənin məlumatına görə, mesaj Haaqada mühakimə olunan Kosovo Azadlıq Ordusunun keçmiş rəhbərlərinə dəstək xarakteri daşıyıb. Oyundan sonra Kosovonun digər futbolçuları da eyni yazının olduğu köynəklərlə meydana çıxıblar.

Kosovo Xüsusi Palataları sentyabrın 16-da Haşim Taçi, Kadri Veseli, Rexhep Selimi və Yakup Krasniqi barəsində birinci instansiya hökmünü açıqlayıb. Məhkəmə onları bir sıra müharibə cinayətləri üzrə təqsirli bilib və ümumilikdə 81 il həbs cəzası verib.
Muriçinin qol sevincində siyasi məzmunlu hesab edilə biləcək mesaj göstərməsi mümkün intizam araşdırmasını gündəmə gətirib. Lakin UEFA hələlik futbolçu ilə bağlı istintaq başladıldığını və ya ona cəza veriləcəyini açıqlamayıb.
