“Real”ın futbolçusu Kilian Mbappe komandasının İspaniya La Liqasının növbəti turunda “Atletiko”ya 1:2 hesabı ilə məğlub olduğu matçı şərh edib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu qarşılaşmadan sonra hakim qərarları barədə geniş danışmaq istəmədiyini deyib.
“Bəli, bu, geriyə doğru bir addımdır. Çox çətin idi. Qələbə qazanmaq istəyirdik və bizi necə bir matçın gözlədiyini bilirdik. Komanda əlindən gələni etdi. Qarşıda mövsümün böyük hissəsi var və düzgün yolla irəliləməyə davam etməliyik.
Düşünürəm ki, mən heç vaxt hakimlər haqqında çox danışan futbolçu olmamışam. İndi də buna başlamaq fikrim yoxdur. Bununla bağlı öz fikirlərim var, amma onları özümdə saxlayacağam. Mən heç vaxt belə futbolçu olmamışam və indi də olmayacağam. Hakim də insandır, səhvlər edir. Səhvlər oldu, amma mən bunun daha dərininə getmək istəmirəm”, – deyə Mbappe bildirib.
Qeyd edək ki, matçın ilk hissəsinin sonunda “Atletiko”nun hücumçusu Li Kan İn “Real”ın yarımmüdafiəçisi Federiko Valverdenin topuğuna zərbə endirib. Baş hakim Migel Anxel Ortis Aryas epizodda koreyalı futbolçuya cəza verməyib.
Daha sonra “Real” Valverdenin həmin epizodda ciddi topuq zədəsi aldığını açıqlayıb. Qarşılaşmadan sonra La Liqanın Hakim Texniki Komitəsi də epizodda hakim səhvinin olduğunu etiraf edib.
La Liqada “Real” 15 xalla dördüncü pillədə qərarlaşıb. Madrid təmsilçisinin lider “Barselona”dan 6 xal geri qalır.
