Bu gün, sentyabrın 15-də İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində beş oyun keçiriləcək. Gecənin əsas qarşılaşması “Liverpul”la “Tottenhem” arasında olacaq. Bununla yanaşı, London derbisi və “Arsenal”ın “İpsviç” səfəri də maraq doğurur.
İdman.Biz xəbər verir ki, “Enfild”dəki mərkəzi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Çempionata inamlı start verə bilməyən hər iki komanda üçün bu görüş əhvali-ruhiyyəni yaxşılaşdırmaq fürsətidir. Andoni İraolanın rəhbərlik etdiyi “Liverpul” Premyer Liqada hələ məğlub olmayıb, lakin dörd turda üç heç-heçə mövsümün başlanğıcını uğurlu saymağa əsas vermir. “Tottenhem”də isə problem daha ciddidir: Roberto De Dzerbinin komandası çempionatın dörd oyununda bir qol belə vurmayıb. Güclü rəqiblə kubok görüşü londonluların hücumdakı böhrandan çıxmağa nə qədər yaxın olduğunu göstərəcək.
Xatırladaq ki, bu mərhələdə cütün qalibi bir oyunun nəticəsinə əsasən müəyyənləşir. Cavab görüşü nəzərdə tutulmur, əsas vaxt heç-heçə başa çatarsa, əlavə vaxt oynanılmadan dərhal penaltilər seriyasına keçilir.
Eyni vaxtda, saat 23:00-da “İpsviç Taun” “Arsenal”ı qəbul edəcək. Mikel Artetanın komandası turnirdə mübarizəyə başlayır və bu görüşə “Sanderlend” üzərində 2:0 hesablı qələbədən sonra çıxacaq. Lakin meydan sahibləri də son oyunlarını uğurlu keçirərək səfərdə “Kristal Palas”ı 3:2 hesabı ilə məğlub ediblər. Heyətlərdə gözlənilən dəyişikliklər qarşılaşmanın intriqasını artırır: “Arsenal” rotasiyaya baxmayaraq oyun keyfiyyətini qorumalı, “İpsviç” isə doğma meydan amilindən və son qələbənin verdiyi ruh yüksəkliyindən yararlanmalıdır.
Saat 22:45-də “Vest Hem” - “Fulhem” London derbisi başlayacaq. Hazırda rəqiblər fərqli divizionlarda çıxış etsələr də, meydan sahibləri kubok görüşünə Çempionşipdə “Reksem” üzərində qazandıqları 6:0 hesablı qələbədən sonra hazırlaşırlar. Premyer Liqa təmsilçisi ilə qarşılaşma daha güclü müqavimət qarşısında bu məhsuldarlığı qorumağın nə dərəcədə mümkün olduğunu göstərəcək.
Bugünkü proqramı “Piterboro Yunayted”lə “Barnsli” açacaq - onların görüşü saat 22:30-da başlayacaq. Növbəti mərhələyə daha bir vəsiqə saat 23:00-da start götürəcək “Redinq” - “Brentford” matçında sahibini tapacaq. Beləliklə, bu gün 1/8 finalın beş iştirakçısı müəyyənləşəcək.
Sabah, sentyabrın 16-da əsas diqqət “Old Trafford”da keçiriləcək “Mançester Yunayted” - “Brayton” qarşılaşmasına yönələcək. Oyun saat 23:00-da başlayacaq. Maykl Karrikin komandası Mançester derbisindəki 0:1 hesablı məğlubiyyətdən sonra toparlanmalıdır. Lakin rəqib heç də asan deyil: “Brayton” son görüşündə səfərdə “Koventri”ni 5:0 hesabı ilə darmadağın edib. Buna görə də doğma meydanda oynamaq öz-özlüyündə “MY”nin növbəti mərhələyə rahat keçəcəyinə zəmanət vermir.
Sentyabrın 16-da saat 22:45-də “Everton” - “Vulverhempton” və “Flitvud Taun” - “Şeffild Yunayted” görüşləri də keçiriləcək. Saat 23:00-da isə “Koventri Siti” - “Aston Villa” qarşılaşması başlayacaq.
Mərhələnin proqramına sentyabrın 17-də “Mançester Siti” - “Norviç Siti” oyunu ilə yekun vurulacaq. Qarşılaşma saat 22:30-da başlayacaq. Liqa Kubokunun son qalibi titulun müdafiəsinə doğma meydanda Çempionşip təmsilçisi ilə görüşdə start verəcək. “Norviç” üçün bu, böyük sensasiya yaratmaq, favorit üçün isə kuboku yenidən qazanmaq yolunda ilk addımı atmaq imkanıdır.
Xatırladaq ki, 1/8 finalın altı iştirakçısı artıq məlumdur. Sentyabrın 8-də “Sanderlend” “Hall Siti”yə 1:0, “Bornmut” “Linkoln Siti”yə 4:0, “Bredford Siti” “Leyton Orient”ə 3:1, “Kristal Pelas” “Midlsbro”ya 3:0, “Nyukasl” isə “Milluoll”a 1:0 hesabı ilə qalib gəlib. Sentyabrın 9-da onlara “Çelsi” qoşulub. London klubu mərhələnin indiyədək ən məhsuldar qarşılaşmasında “Lids”i 6:3 hesabı ilə məğlub edib.
