Azarkeşlər Joze Mourinyonun rəhbərlik etdiyi “Real Madrid”in mövsümə startından narazıdır.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, “Kral klubu” Avropanın top-liqalarında ən çox təmiz qol imkanı yaradan komanda olaraq 29 şansla ilk pillədə qərarlaşıb. Madrid təmsilçisi eyni zamanda 19 qaçırılmış imkanla bu göstəricidə də liderdir.
Bu səmərəsizlik son olaraq La Liqada “Real Betis”ə 0:1 hesablı məğlubiyyətdə özünü göstərib. Həmin görüşdə Kilian Mbappe əsas vaxta əlavə olunmuş dəqiqələrdə penaltidən yararlana bilməyib. Komanda daha sonra Çempionlar Liqasında “İnter”i 2:1 hesabı ilə məğlub edib.
“Santyaqo Bernabeu”da azarkeşlərin qaçırılan fürsətlərdən narahatlığı artsa da, soyunub-geyinmə otağında vəziyyət fərqlidir.
Mourinyo və məşqçilər korpusu bu problemi struktur çatışmazlığı deyil, müvəqqəti qolsuzluq dövrü kimi qiymətləndirirlər. Onlar iki matçda ardıcıl 15 təmiz qol imkanının yaradılmasını hücum sisteminin işlədiyinin göstəricisi hesab edirlər.
Portuqaliyalı mütəxəssis komandanın yüksək presinq keçidlərini uğurla yerinə yetirməsindən və rəqib müdafiələrini yarmağından razıdır. Mourinyo son üçlükdə dəqiqliyin artmasının qol imkanlarından daha yaxşı istifadə etməyə və mövcud problemi aradan qaldırmağa kömək edəcəyinə inanır.
