“Lill”in futbolçusu Etan Mbappe Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda “Betis”ə qarşı keçirilən matçda qırmızı vərəqə almasına görə üzr istəyib.
İdman.Biz xəbər verir ki, Fransa klubu doğma meydanda İspaniya təmsilçisinə 2:3 hesabı ilə məğlub olub. Kilian Mbappenin kiçik qardaşı qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalsa da, sonradan rəqibə dirsək vurduğu üçün meydandan qovulub.
Matçdan sonra 19 yaşlı futbolçu sosial şəbəkələrdə paylaşım edərək nəticəyə görə məsuliyyəti üzərinə götürüb.
“Mən komanda yoldaşlarından, məşqçilər korpusundan və azarkeşlərdən bu yolverilməz hərəkətə görə üzr istəmək istəyirəm. Məğlubiyyət tamamilə mənim vicdanımdadır – məsuliyyəti üzərimə götürürəm. Komandanı ən vacib turnirdə çətin vəziyyətdə qoydum. Bağışlayın”, – deyə Mbappe yazıb.
Qeyd edək ki, “Lill” Fransa çempionatının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.
