Mbappe Messi və Ronaldu arasında seçim edə bilmədi

8 Sentyabr 2026 19:37
69
Mbappe Messi və Ronaldu arasında seçim edə bilmədi

“Real Madrid”in və Fransa millisinin futbolçusu Kilian Mbappeyə “Qızıl top”un ən böyük sahibinin kim olması ilə bağlı sual verilib.

İdman.Biz xəbər verir ki, futbolçunun cavablarının əks olunduğu video mükafatın sosial şəbəkə hesablarında yayımlanıb.

Mbappe əvvəlcə Rodri, Luka Modriç və Kaka ilə müqayisələrdə Usman Dembeleyə üstünlük verib. Daha sonra Dembelenin Ronaldinyo ilə müqayisəsində braziliyalını seçib. Ronaldinyo və Ronaldo (Nazario) braziliyalı cütlüyündə isə Kilian Ronaldonu üstün tutub.

Fransalı hücumçu həmçinin İohan Kroyff və Mişel Platini ilə müqayisədə Ronaldonu, Ronaldo və Zinəddin Zidan seçimində isə həmvətənini seçib. Zidan və Lionel Messi arasında seçim zamanı Mbappe argentinalı futbolçunun adını çəkib.

Lakin Messi və Kriştiano Ronaldu arasında seçim etməli olduğu zaman Mbappe gülərək cavab verməkdən yayınıb.

Qeyd edək ki, 2026-cı il “Qızıl top” mükafatının namizədləri sentyabrın 8-də açıqlanıb. Mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

İdman.Biz