İspaniyanın “Barselona” komandasının futbolçusu Lamin Yamal 2026-cı il “Qızıl top” mükafatı uğrunda mübarizə ilə bağlı fikirlərini açıqlayıb.
İdman.Biz xəbər verir ki, 19 yaşlı futbolçu UEFA Çempionlar Liqasının “Feyenoord”la oyunu öncəsi keçirilən mətbuat konfransında həm şəxsi şanslarını, həm Kilian Mbappe, həm də Usman Dembelenin son açıqlamalarını şərh edib.
Yamal mükafata layiq olduğunu düşünüb-düşünməməsi ilə bağlı suala belə cavab verib:
“Bu, məndən asılı deyil, sizdən asılıdır. Komanda və milli ilə gördüyümüz iş inanılmaz olub. Düşünürəm ki, yaxşı il keçirmişəm və çox şansım var, amma görəcəyik”.
İspaniyalı futbolçu “Qızıl top” üçün ayrıca kampaniya aparmaq fikrində olmadığını da vurğulayıb.
“Məncə, “Qızıl top” üçün kampaniya aparmağa ehtiyacım yoxdur. Komandam və milli ilə etdiklərimlə fəxr edirəm. Heç nə üçün yalvarmayacağam”, - Yamal bildirib.
Bu açıqlama Kilian Mbappenin özünü 2026-cı il “Qızıl top”unun əsas namizədlərindən biri kimi təqdim etməsindən sonra səslənib. “Foot Mercato” Yamalın mövqeyini fransalı hücumçunun daha açıq kampaniya aparan yanaşmasından fərqli qiymətləndirib.
Yamal Usman Dembelenin onu öz “Top-3”ünə daxil etməməsinə də münasibət bildirib.
“O, Kilianın dostudur, elə deyil? Mənə fərqi yoxdur. İlimdən çox razıyam. Dembele ilə münasibətim çox yaxşıdır. Hamı mənim necə mövsüm keçirdiyimi görüb. İkisi ilə də qarşılaşanda qalib gəlmişəm”, - “Barselona”nın futbolçusu deyib.
Yamal həmçinin Çempionlar Liqasını qazanmağın komandanın əsas məqsədlərindən biri olduğunu söyləyib. O, “Barselona”ya yeni gələn futbolçuların heyəti daha da gücləndirdiyini vurğulayıb.
Qeyd edək ki, Yamal 19 yaşında “Barselona”nın kapitanlarından biridir. O, bunun özünə daha böyük məsuliyyət verdiyini və komanda üçün əlindən gələni etməyə çalışacağını bildirib.
