İngiltərənin “Liverpul” futbol komandası 17 ildən sonra əsas forma sponsorunu dəyişəcək. İngiltərə təmsilçisi “Turkish Airlines”lə uzunmüddətli müqavilə bağlayıb.
İdman.Biz xəbər verir ki, aviaşirkətin loqosu 2027/28 mövsümündən etibarən “Liverpul”un kişi, qadın və akademiya komandalarının formalarının ön hissəsində yer alacaq. “Turkish Airlines” “Standard Chartered”i əvəz edəcək.
Tərəflər arasında müqavilə beş il müddətinə nəzərdə tutulub. Razılaşmanın ümumi dəyərinin təxminən 350 milyon avro (691 milyon 775 min manat) olduğu bildirilir. Bu, Premyer Liqa tarixində forma sponsorluğu üzrə rekord müqavilədir.
“Turkish Airlines” “Liverpul”a hər mövsüm təxminən 70 milyon avro (138 milyon 355 min manat) ödəyəcək. Klubun “Standard Chartered”lə hazırkı müqaviləsi isə mövsümə təxminən 60 milyon avro (118 milyon 590 min manat) gəlir gətirir.
Yeni tərəfdaşlıq 2027-ci il iyunun 1-dən qüvvəyə minəcək. Bununla belə, “Standard Chartered” klubla əməkdaşlığı tam dayandırmayacaq və hazırkı müqavilə başa çatdıqdan sonra “Liverpul”un tərəfdaşı kimi fəaliyyətini davam etdirəcək.
“Standard Chartered” 2010-cu ildən “Liverpul”un əsas forma sponsorudur. Beləliklə, şirkətin adı klubun formasında ümumilikdə 17 mövsüm yer alacaq. Ondan əvvəl, 1992-2010-cu illərdə bu yeri “Carlsberg” tutub.
“Turkish Airlines” daha əvvəl “Mançester Yunayted” və “Barselona” kimi klublarla da əməkdaşlıq edib.
