“Mançester Siti” beş il sonra titulunu itirdiyi stadiona qayıdır

8 Sentyabr 2026 11:26
74
“Mançester Siti” beş il sonra titulunu itirdiyi stadiona qayıdır

İngiltərənin “Mançester Siti” futbol komandası UEFA Çempionlar Liqasının yeni mövsümünə xoş xatirələrinin olmadığı stadionda başlayacaq.

İdman.Biz xəbər verir ki, Enzo Mareskanın baş məşqçisi olduğu İngiltərə təmsilçisi bu gün Portuqaliyada “Portu” ilə qarşılaşacaq. Görüş “Draqau” stadionunda keçiriləcək.

“Mançester Siti” 2021-ci il mayın 29-da məhz bu arenada tarixində ilk dəfə Çempionlar Liqasının finalına çıxıb. “Şəhərlilər” həlledici görüşdə Tomas Tuxelin rəhbərlik etdiyi “Çelsi”yə 0:1 hesabı ilə uduzub. Matçın yeganə qolunu Kay Haverts vurub.

Həmin finalda iştirak edən futbolçulardan hazırkı “Mançester Siti”nin heyətində yalnız Ruben Diaş və Fil Foden qalıb. Pep Qvardiola isə 2023-cü ildə İstanbulda “İnter” üzərində 1:0 hesablı qələbə ilə kluba tarixində ilk Çempionlar Liqası titulunu qazandırıb. İspaniyalı mütəxəssis ötən ilin mayında “Mançester Siti”dən ayrılıb.

Beş il sonra “Draqau”ya qayıdan “Mançester Siti”nin heyətində ciddi dəyişikliklər baş verib. İngiltərə klubu yay transferlərinə 526 milyon avro (1 milyard 39,6 milyon manat) xərcləyib. Futbolçuların satışından isə 337 milyon avro (666,1 milyon manat) gəlir əldə edib.

Qvardiolanı əvəzləyən Mareska Premyer Liqada mövsümə üç qələbə ilə başlayıb. “Mançester Siti” üç turdan sonra son çempion “Arsenal”ı top fərqində qabaqlayaraq liderdir. Son turda “Koventri” üzərində 1:0 hesablı qələbəni təmin edən Erlinq Holand İngiltərə çempionatında qol sayını üçə, klub səviyyəsində karyerası ərzində vurduğu qolların sayını isə 300-ə çatdırıb.

“Mançester Siti” qarşılaşmaya Jeremi Doku və Niko O'Raylisiz çıxacaq.

“Portu” isə iki illik fasilədən sonra Çempionlar Liqasına qayıdır. Komandanın 37 yaşlı italiyalı baş məşqçisi Françesko Farioli turnirdə debüt edəcək. Portuqaliya çempionu yeni mövsümdə keçirdiyi beş matçın hamısında qalib gəlib.

“Portu”nun heyətində də ciddi itkilər var. Yan Bednarek cəzalıdır, Zaidu Sanusi əzələ problemindən əziyyət çəkir. Viktor Froholdt isə “Moreyrense” ilə qarşılaşmada huşunu itirdikdən sonra xəstəxanaya aparılıb. Oskar Pietuşevski və fevralda ağır diz zədəsi alan Samu Agehova da “Mançester Siti”yə qarşı oynamayacaq.

“Portu” - “Mançester Siti” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi polşalı Şimon Marçinyak olacaq.

İdman.Biz