“Barselona” rekord gəlirə baxmayaraq 18 milyon avro zərər edib

8 Sentyabr 2026 06:51
82
“Barselona” rekord gəlirə baxmayaraq 18 milyon avro zərər edib

İspaniyanın “Barselona” futbol klubu 2025/26 mövsümünü 18 milyon avro (36 milyon manat) zərərlə başa vurub.

İdman.Biz “AS”a istinadən xəbər verir ki, Kataloniya klubunun ötən maliyyə ilində gəlirləri rekord həddə çataraq 1,06 milyard avro (2,12 milyard manat) təşkil edib.

“Barselona” ardıcıl üçüncü maliyyə ilini zərərlə başa vurub. Bununla belə, klubun əsas fəaliyyəti təxminən 200 min avro (400 min manat) mənfəət gətirib.

Kataloniya təmsilçisinin sponsorluq müqavilələrindən əldə etdiyi gəlir 265 milyon avroya (530 milyon manat) yüksəlib. Lisenziyalaşdırma və merçendayzinq fəaliyyəti ilə məşğul olan “BLM” bölməsi isə əvvəlki illə müqayisədə 40 milyon avro (80 milyon manat) çox olmaqla 208 milyon avro (416 milyon manat) gəlir əldə edib.

Bununla yanaşı, “Barça Productions” törəmə şirkətinin hesabatdakı dəyəri 23 milyon avro (46 milyon manat) azaldılaraq 116 milyon avroya (232 milyon manat) endirilib. Klub daha əvvəl də “Barça Vision” investorları qarşısında ödənilməmiş öhdəliklərlə bağlı ciddi itkilərlə üzləşib.

“Barselona” növbəti maliyyə ili üçün 1,195 milyard avro (2,39 milyard manat) gəlir proqnozlaşdırır. Klubun həmin dövrdə təxminən 1 milyon avro (2 milyon manat) əməliyyat mənfəəti əldə edəcəyi gözlənilir.

İdman.Biz