Qrizmannın görüntüləri şok yaratdı: ABŞ-da futbol oynamaq niyə bu qədər çətindir? - VİDEO

7 Sentyabr 2026 21:49
82
Qrizmannın görüntüləri şok yaratdı: ABŞ-da futbol oynamaq niyə bu qədər çətindir?

Fransa millisinin sabiq futbolçusu Antuan Qrizmannın MLS-də "Orlando Siti" - "San-Dieqo" ilə matçda çəkilən görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

İdman.Biz xəbər verir ki, 30 dərəcə isti və 80 faiz rütubət şəraitində keçirilən qarşılaşmada 35 yaşlı hücumçu oyunun 28-ci dəqiqəsində "Orlando Siti"yə qələbə qazandıran qolu vurub. Lakin cəmi beş dəqiqə sonra anomal isti səbəbindən hakim oyunda fasilə elan edib.

Fasilə zamanı Qrizmannın başına nəm dəsmal qoyaraq nəfəs almaqda çətinlik çəkdiyi və həkimlərin ona buz kompresləri ilə müdaxilə etdiyi görüntülər diqqət çəkib.

Bu hadisə ABŞ-da futbol matçlarının yay aylarında ekstremal hava şəraitində keçirilməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ötən il keçirilən klublararası dünya çempionatında da yüksək temperatur və tufan xəbərdarlıqları səbəbindən bir sıra oyunlarda ciddi problemlər yaşanmışdı.

İqlim şəraitinin 2026-cı il dünya çempionatına da təsir göstərəcəyi barədə əvvəlcədən xəbərdarlıqlar edilmişdi. Ekspertlər 104 oyundan 97-də yüksək temperaturun futbolçuların fiziki vəziyyətinə mənfi təsir göstərə biləcəyini hesablayıb.

Dünya çempionatında da bunun nümunələri müşahidə olunub. Paraqvay – Fransa oyunu 38,5 dərəcə temperaturda başlayıb. Dallasda keçirilən Argentina – Avstriya qarşılaşması zamanı isə stadionun xaricində asfaltın temperaturunun 50 dərəcəyə qədər yüksəldiyi bildirilib.

İdman.Biz