“Real” - “İnter” oyunu öncəsi hər iki komandada ciddi itkilər

6 Sentyabr 2026 17:05
40
“Real” - “İnter” oyunu öncəsi hər iki komandada ciddi itkilər

“Real” və “İnter” futbol komandaları Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda keçiriləcək qarşılaşma öncəsi ciddi kadr problemləri ilə üzləşiblər.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo orta xəttdə bir neçə aparıcı futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Bernardo Silva, Arda Güler və Eduardo Kamavinqa cəza, Orelyen Tçuameni və Tiaqo Pitarç isə zədə səbəbindən matçı buraxacaqlar.

Beləliklə, “Real”ın nominal yarımmüdafiəçiləri arasında yalnız Federiko Valverde qalır. AS yazır ki, yaranmış boşluğu doldurmaq üçün Cud Bellinqem, Trent Aleksander-Arnold, Xorxe Sestero və Din Heysen variantları nəzərdən keçirilir.

Bellinqemin daha geridə oynadılması ən real seçimlərdən biri hesab olunur. Trent Aleksander-Arnoldun da mərkəzə çəkilməsi mümkündür. AS həmçinin 4-3-3 sxemində Bellinqem və Trentin Valverdenin iki tərəfində yerləşdirilməsi ehtimalını qeyd edir.

“İnter”də isə əsas narahatlıq Federiko Dimarko ilə bağlıdır. Milan klubunun müdafiəçisi “Napoli”yə qarşı 3:2 hesabı ilə başa çatan A Seriyası matçında

sol dizindən zədələnib və “Real”la görüşdə iştirakı sual altındadır.

“Foot Mercato”nun məlumatına görə, Dimarkoda yüngül dərəcəli diz burxulması aşkarlanıb. Onun oyunda iştirak edib-etməyəcəyinə bazar ertəsi yekun tibbi müayinədən sonra qərar veriləcək.

Baş məşqçi Kristian Kivu üçün Dimarkonun mümkün yoxluğu xüsusilə sol cinahda ciddi problem yarada bilər.

Qeyd edək ki, “Real” - “İnter” qarşılaşması sentyabrın 8-də “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.Biz