İtaliyanın “Milan” komandasının əfsanəvi futbolçusu Ruud Qullit komandanın hazırkı durumu, baş məşqçi Ruben Amorim və klubun yay transferləri barədə danışıb.
İdman.Biz xəbər verir ki, niderlandlı keçmiş futbolçu “La Gazzetta dello Sport”a müsahibəsində “Milan”ın yenidən Çempionlar Liqasına qayıtmalı olduğunu bildirib. O, bunun üçün komandaya vaxt və səbir lazım olduğunu vurğulayıb.
Qullit ötən mövsüm izlədiyi “Milan” - “Yuventus” matçını sərt tənqid edib:
“Bu, fəlakət idi. Sıfır qol, sıfır şou. Kağız üzərində böyük oyun olmalı idi. Ümid edirəm, bu dəfə fərqli olar”.
64 yaşlı sabiq futbolçu “Milan”ın yeni hücumçusu Qonsalu Ramosu bəyəndiyini, amma bütün yükün onun üzərinə qoyulmamalı olduğunu deyib. Qullitin fikrincə, portuqaliyalı forvardın qol vurması üçün komanda yoldaşlarının da ona daha çox dəstək verməsi vacibdir.
O, “Milan”ın “Qalatasaray”a transfer olunan Rafael Leao ilə yollarını ayırmasını da şərh edib:
“Onun üçün təəssüflənirəm, amma artıq “Milan”la sevgi hekayəsi bitmişdi. Güclü futbolçu ilə superulduz arasındakı fərq odur ki, superulduz bunu bir dəfə yox, daim edir. Van Basten hər oyunda hamını heyrətləndirirdi, Leao isə bunu on oyundan birində edirdi”.
Qullit Ruben Amorimin işinə də toxunaraq “Milan”ın gənc və təcrübəli futbolçulardan ibarət yeni komanda qurduğunu bildirib. Onun sözlərinə görə, çox dəyişiklik edən kollektivə nəticə üçün vaxt lazımdır.
