İngiltərənin “Çelsi” futbol klubu qış transfer pəncərəsində “Atletiko”nun yarımmüdafiəçisi Pablo Barriosu heyətinə qatmaq istəyir.
İdman.Biz Sport.es-ə istinadən xəbər verir ki, London təmsilçisi 23 yaşlı futbolçunu Enzo Fernandesin əvəzi kimi görür. “Çelsi” Barriosun transferi üçün 100 milyon avro (təxminən 195 milyon manat) ödəməyə hazır olduğu bildirilir.
Lakin Madrid klubu ispaniyalı futbolçunu satmaq niyyətində deyil. Barriosun “Atletiko” ilə müqaviləsində 500 milyon avro (təxminən 975 milyon manat) məbləğində sərbəst qalma bəndi yer alır.
Pablo Barrios ötən mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 35 oyuna çıxıb. O, bu matçlarda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Barriosun hazırkı bazar dəyəri 55 milyon avrodur (təxminən 107,25 milyon manat).
