Fransız futbolunun əfsanəsi Zinəddin Zidanın şərəfinə adlandırılan tazı İngiltərədə populyarlıq qazanıb.
İdman.Biz xəbər verir ki, “Zinedine Zedog” adlı üç yaşdan böyük dişi it Edinburq Universitetinin keçmiş tələbələrindən ibarət 12 nəfərlik dost qrupu tərəfindən belə adlandırılıb. Onlar bu adı Zidanın şərəfinə seçiblər.
“Zinedine Zedog” indiyədək iştirak etdiyi 42 tazı yarışının 10-da qalib gəlib. Onun sahibləri daha əvvəl futbolçu Demba Banın adına uyğun olaraq “Demba Bark” adından da istifadə etməyə çalışıblar. Didye Droqbanın adına söz oyunu ilə yaradılan “Didier Dogba” adı isə əvvəldən başqa itin adı olub.
Tazı yarışlarında futbol dünyasından götürülən başqa maraqlı adlar da var. Onlardan biri “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolaya işarə edən “Pup Guardiola”dır.
“Zinedine Zedog”un sahibləri gələcəkdə Zinəddin Zidanın agenti ilə əlaqə yaradaraq əfsanəvi futbolçu ilə onun adını daşıyan itin görüşünü təşkil etməyi də planlaşdırırlar.
