Yay transfer pəncərəsinin başa çatmasına baxmayaraq, bir sıra tanınmış futbolçular hazırda azad agent statusundadır.
İdman.Biz xəbər hazırda klubu olmayan və yeni komandaya pulsuz keçə biləcək ən məşhur oyunçuların siyahısını təqdim edir.
Siyahıda aşağıdakı futbolçular yer alıb:
Pol Poqba (33 yaş, son klubu – “Monako”)
“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi 2025-ci ilin martında 18 aylıq dopinq cəzasını başa vurduqdan sonra çox az futbol oynayıb. O, ötən yay “Monako”ya keçdikdən sonra cəmi 6 matçda meydana çıxıb. Zədələr səbəbindən Fransa klubu onun müqaviləsini müddətinin bitməsinə bir il qalmış ləğv edib.
Kərim Benzema (38 yaş, son klubu – “Əl-Hilal”)
“Real Madrid”dən 2023-cü ildə ayrılan fransalı hücumçu Səudiyyə Ərəbistanında çıxış edib. O, “Əl-İttihad”da üç il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Lakin klubla müqaviləsini cəmi 6 ay sonra ləğv edib. Benzema bu mövsüm “Əl-Hilal”ın heyətində 3 oyuna çıxıb.
Riyad Mahrez (35 yaş, son klubu – “Əl-Əhli”)
“Mançester Siti”nin sabiq vingeri 2023-cü ildə “Əl-Əhli”yə keçib. Əlcəzairli futbolçu Səudiyyə klubunda bütün turnirlərdə 122 oyunda 37 qol vurub. Məlumata görə, Mahrez karyerasını Səudiyyə Ərəbistanında davam etdirə və “Əl-Şəbab”a keçə bilər.
Rahim Sterlinq (31 yaş, son klubu – “Feyenoord”)
Sterlinq “Feyenoord”da cəmi 3 ay və 8 oyun keçirəndən sonra klubdan ayrılıb. Keçmiş “Mançester Siti”, “Liverpul” və “Çelsi” futbolçusunun yaxın aylarda məhkəmə qarşısına çıxacağı bildirilib.
Filippe Koutinyo (34 yaş, son klubu – “Vasko da Qama”)
“Liverpul” və “Barselona”nın sabiq yarımmüdafiəçisi fevral ayında uşaqlıq klubu “Vasko da Qama”dan ayrılıb. Braziliyalı futbolçu rəsmi olaraq karyerasını bitirdiyini açıqlamayıb. Onun daha əvvəl MLS-ə keçidi ilə bağlı xəbərlər yayılıb.
Ceydon Sanço (26 yaş, son klubu – “Mançester Yunayted”)
2021-ci ildə “Borussiya Dortmund”dan 73 milyon funt-sterlinqə “Mançester Yunayted”ə keçən Sanço son illərdə müxtəlif klublarda icarə əsasında çıxış edib. O, “Çelsi”də uğursuz dövrdən sonra son olaraq “Aston Villa”da oynayıb. Sançonun yenidən “Borussiya Dortmund”a qayıtmaq variantı gündəmdədir.
Dani Karvahal (34 yaş, son klubu – “Real Madrid”)
İspaniya millisinin və “Real Madrid”in sabiq sağ cinah müdafiəçisi iyunda Madrid klubu ilə müqaviləsi başa çatdıqdan sonra azad agent olub. Karvahal 13 il ərzində “Real Madrid”in heyətində bütün turnirlərdə 451 oyuna çıxıb.
Ceymi Vardi (39 yaş, son klubu – “Kremoneze”)
“Lester Siti” ilə 13 ildən sonra ayrılan Vardi ötən mövsümü “Kremoneze”də keçirib. Klubun aşağı liqaya düşməsi səbəbindən hücumçu ilə yollar ayrılıb. İngiltərəyə qayıtması gözlənilən Vardiyə “Reksem”, “Şeffild Uensdey” və “Vest Hem”in maraq göstərdiyi bildirilir.
David Alaba (34 yaş, son klubu – “Real Madrid”)
Avstriyalı müdafiəçi 5 ildən sonra may ayında “Real Madrid”dən ayrılıb. Karyerasının böyük hissəsini “Bavariya” və “Real Madrid”də keçirən Alaba 12 ölkə çempionluğu və 4 Çempionlar Liqası titulu qazanıb. Buna baxmayaraq, o, hələ də yeni klubla müqavilə imzalamayıb.
Serxio Ramos (40 yaş, son klubu – “Monterrey”)
İspaniya futbolunun əfsanəsi 2025-ci ilin dekabrından, Meksikanın “Monterrey” klubundan ayrıldıqdan sonra azad agentdir. 40 yaşında olmasına baxmayaraq, Ramos karyerasını bitirdiyini açıqlamayıb. Onun hələ də yüksək səviyyədə çıxış etmək niyyətində olduğu bildirilir.
Qeyd edək ki, transfer pəncərəsinin bağlanması bu futbolçuların yeni klublara keçməsinə mane olmur. Azad agent statusunda olan oyunçular müəyyən şərtlər daxilində transfer pəncərəsindən kənarda da müqavilə imzalaya bilərlər.
