Banışevskinin Braziliyaya vurduğu və görüntüsü olmayan məşhur qolu - VİDEO

1 Sentyabr 2026 21:15
102
Banışevskinin Braziliyaya vurduğu və görüntüsü olmayan məşhur qolu

SSRİ millisinin tarixində ən maraqlı qollardan biri 1965-ci il noyabrın 21-də Braziliyaya qarşı keçirilən yoldaşlıq oyununda vurulub.

İdman.Biz xəbər verir ki, Rio-de-Janeyroda baş tutan qarşılaşmada meydan sahibləri 2:0 hesabı ilə öndə olarkən, 59-cu dəqiqədə Anatoli Banışevski fərqlənib.

Rusiyanın məşhur Sport24.ru saytı yazır ki, Banışevski fərqləndiyi epizod olduqca qeyri-adi şəkildə inkişaf edib. Braziliya millisinin qapıçısı Manqa topu uzağa vurmaq istəyib. Lakin zərbə uğursuz alınıb. Topun yaxınlığında olan Banışevski havaya qalxaraq başı ilə onu yenidən qapıya doğru istiqamətləndirib və hesab arasındakı fərqi azaldıb.

Banışevskinin sözlərinə görə, qol o qədər gözlənilməz olub ki, tribunalar bir neçə saniyə ərzində səssizliyə qərq olub. Hətta Braziliya futbolunun əfsanəsi Pele də epizodu heyrətlə izləyib.

“Tribunalar bir neçə saniyəlik susdu, baş verənləri anlamağa çalışırdılar. Pele dayanıb mənə heyranlıqla baxırdı”, - deyə Banışevski vaxtilə “Sovetski Sport”a açıqlamasında bildirib.

Görüşün sonunda SSRİ hesabı 2:2-yə çatdırıb. Banışevskinin vurduğu qol isə onu Braziliya millisinin qapısına yol tapan ilk sovet futbolçusu kimi tarixə salıb.

Maraqlıdır ki, bu tarixi qolun görüntüləri bu günə qədər gəlib çatmayıb. Banışevski bunu həmin dövrdə televiziya çəkilişlərinin xüsusiyyətləri ilə əlaqələndirib. Onun sözlərinə görə, qol vurulan anda kameralar qapı qarşısından meydanın mərkəzinə keçid edirmiş və məhz bu səbəbdən epizod lentə alınmayıb.

Banışevski bildirib ki, Pele həmin qoldan sonra SSRİ millisinin bəxtinin gətirdiyini deyib: “Hətta stadionun üzərində havada uçan top da Banışevskini tapdı, o isə başı ilə topu qapıya göndərdi”.

Qeyd edək ki, Anatoli Banışevskinin milli komandadakı karyerası 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərində başa çatıb. O, demək olar ki, bütün klub karyerasını Bakının “Neftçi” komandasında keçirib və komandanın SSRİ çempionatında bürünc medal qazanmasında böyük rol oynayıb.

Banışevski “Neftçi”nin heyətində 115 qol vurub.

İdman.Biz