İngiltərənin “Mançester Yunayted” futbol klubu Türkiyə millisinin və “Brayton”un müdafiəçisi Ferdi Kadıoğlunu transfer etmək variantını nəzərdən keçirir.
İdman.Biz “Daily Mail”a istinadən xəbər verir ki, “Qırmızı şeytanlar” transfer pəncərəsi bağlanmazdan əvvəl sol cinah müdafiəçisi almaq istəyir. Klubun əsas hədəfi “Nyukasl”ın futbolçusu Lyuis Holl olaraq qalır. Lakin “Nyukasl” yayda bir neçə əsas oyunçusunu itirdiyi üçün Holla gələn təklifləri qəbul etmək niyyətində deyil.
Bu səbəbdən “Mançester Yunayted” alternativ variantlara baxır və 26 yaşlı Ferdi Kadıoğlu da namizədlər sırasında yer alır.
Kadıoğlu 2024-cü ildə təxminən 25 milyon funt-sterlinq qarşılığında “Fənərbaxça”dan “Brayton”a keçib. İlk mövsümünü zədə səbəbindən böyük ölçüdə buraxan futbolçu ötən mövsüm universallığı ilə diqqət çəkib. O, müdafiənin hər iki cinahında, həmçinin vinger və yarımmüdafiəçi mövqelərində çıxış edə bilir.
Kadıoğlu bu mövsümün ilk oyununu zədə səbəbindən buraxıb, ötən həftə isə “Çelsi”yə 3:4 hesabı ilə uduzduqları görüşdə sol cinah müdafiəçisi kimi start heyətində meydana çıxıb.
“Mançester Yunayted”in yeni sol cinah müdafiəçisi transferinə son günlərdə qərar verəcəyi və ya yanvar ayına qədər gözləyəcəyi bildirilir.
