“Aston Villa”nın baş məşqçisi Unay Emeri futbolçu Olli Uotkinsin komandanın “Brayton”la oyununda meydana çıxmaqdan imtina etdikdən sonra üzr istədiyini açıqlayıb.
İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, Emerinin sözlərinə görə, 30 yaşlı hücumçu matçdan sonra səhv etdiyini etiraf edib və həm məşqçilər, həm də komanda yoldaşları onun üzrünü qəbul ediblər.
“O, oyundan sonra bizə dedi ki, üzr istəyir və səhv edib. O, yanılmışdı, amma biz bunu qəbul etdik”, – deyə Emeri bildirib.
Uotkinsin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçidi gözlənilir. Transferin məbləğinin 51 milyon funt-sterlinq (təxminən 116,7 milyon manat) olacağı bildirilir. “Aston Villa” isə onun əvəzində “Çelsi”nin hücumçusu Nikolas Ceksonu 65 milyon funt-sterlinqə (148,8 milyon manat) heyətinə qatmağa yaxındır.
Qeyd edək ki, Uotkins 2020-ci ildə “Brentford”dan “Aston Villa”ya keçib. İngiltərə millisinin üzvü klubun Premyer Liqa tarixində ən çox qol vuran futbolçusudur – onun hesabında 91 qol var. Ümumilikdə isə Uotkins “Aston Villa”da 108 qola imza atıb.
