ÇL: Kamilo Duran bu dəfə komandasına kömək edə bilmədi – VİDEO

26 Avqust 2026 02:07
80
ÇL: Kamilo Duran bu dəfə komandasına kömək edə bilmədi – VİDEO

“Seltik” futbol komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində Avstriyanın LASK klubuna məğlub olaraq Liqa mərhələsinə vəsiqə qazana bilməyib.

İdman.Biz xəbər verir ki, Qlazqoda keçirilən ilk qarşılaşmada 3:0 hesabı ilə qalib gələn “Seltik” cavab oyununda Avstriyada 1:5 hesabı ilə uduzub və iki matçın nəticəsinə görə 4:5 hesabı ilə mübarizəni dayandırıb.

Maraqlıdır ki, Martin O’Nilin komandası cavab görüşündə də hesabı ilk açan tərəf olub. Kallum Makqreqorun 22-ci dəqiqədə vurduğu qoldan sonra “Seltik” iki oyunun cəmində 4:0 önə keçib. Lakin bundan sonra LASK inanılmaz geridönüş edib. Moses Usor, Robert Lyubiçiç, Samuel Adeniran və Florian Flekerin qolları oyunu əlavə vaxta daşıyıb. Əlavə vaxtda Adeniranın ikinci qolu Avstriya klubuna 5:4 hesablı ümumi üstünlük qazandırıb.

“Qarabağ”ın keçmiş hücumçusu Kamilo Duran "Seltik"in heyətində start 11-likdə meydana çıxıb sona qədər oynayıb.

Xatırladaq ki, “Seltik” ilk oyunda isə rəqibini 3:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmada Kamilo Duran dubl edib, digər qolu Benjamin Nüqren vurub. Kolumbiyalı hücumçu 38-ci və 67-ci dəqiqələrdə fərqlənib.

Beləliklə, LASK möhtəşəm geridönüş sayəsində UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib. “Seltik” isə mübarizəni UEFA Avropa Liqasının Liqa mərhələsində davam etdirəcək.

Paralel keçən oyunda “Budo-Qlimt” “NEK Nijmegen” futbol komandasını iki oyunun nəticəsinə görə 6:1 hesabı ilə üstələyərək Liqa mərhələsinə vəsiqə qazanıb.

Norveç klubu bununla ardıcıl ikinci mövsüm qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində iştirak hüququ əldə edib.

Xatırladaq ki, “Budo-Qlimt” ötən mövsüm Çempionlar Liqasının Liqa mərhələsində 9 xal toplayaraq 23-cü yeri tutub. Komanda 1/8 finala vəsiqə uğrunda pley-offda İtaliyanın “İnter” klubunu iki oyunun nəticəsinə görə 5:2 hesabı ilə məğlub edib.

Norveç təmsilçisinin turnirdəki yürüşü 1/8 finalda başa çatıb. “Budo-Qlimt” həmin mərhələdə Portuqaliyanın “Sportinq” klubuna iki görüşün yekununda 3:5 hesabı ilə uduzub.

2026/27 mövsümü UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi avqustun 27-də Monakoda keçiriləcək. İlk turun oyunları isə sentyabrın 8-10-da baş tutacaq.

İdman.Biz