Türkiyənin “Qalatasaray” futbol klubu “Ştutqart”ın hücumçusu Ermedin Demiroviçin transferi üçün mübarizəni davam etdirir.
İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı futbolçu üçün təklifini 18 milyon avroya (35 milyon AZN) yüksəldib.
“Qalatasaray”ın əvvəlki 15 milyon avroluq təklifi “Ştutqart” tərəfindən rədd edilib. Almaniya klubunun danışıqlara ən azı 20 milyon avro (39 milyon AZN) civarında məbləğdən başlamaq istədiyi bildirilir.
“Sky Germany” Demiroviçin “Qalatasaray”a keçməyə müsbət yanaşdığını və İstanbulda illik dörd milyon avrodan çox qazana biləcəyini yazıb.
Qeyd edək ki, Türkiyə mediasında klubların 18 milyon avroya razılaşdığı iddia olunsa da, Almaniya mənbələri hələlik bu məbləği təklif kimi təqdim edir.
