Türkiyənin “Fənərbağça” futbol klubu Super Liqanın ikinci turunda doğma meydanda “Konyaspor”u 4:2 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “Çobani” stadionunda keçirilən qarşılaşmada hesab yeddinci dəqiqədə açılıb. Marko Asensionun cərimə zərbəsindən ötürməsindən sonra qapıçı ilk zərbəni dəf etsə də, Vedat Muriqi qayıdan topu tora göndərib.
Qonaqların cavabı çox gecikməyib. 11-ci dəqiqədə Mulekadan ötürmə alan Kolli hesabı bərabərləşdirib.
18-ci dəqiqədə VAR yoxlamasından sonra “Fənərbağça”nın xeyrinə penalti təyin olunub. Meyson Qrinvudun ilk zərbəsini qapıçı Deniz dəf etsə də, ingiltərəli futbolçu qayıdan topu qapıdan keçirib.
33-cü dəqiqədə Asensio fərqi iki topa çatdırıb. İkinci hissənin əvvəlində isə Qrinvud özünün ikinci, komandasının dördüncü qolunu vurub.
52-ci dəqiqədə “Fənərbağça”nın futbolçusu Kerem Aktürkoğlu zədələnərək oyunu davam etdirə bilməyib. Baş nahiyəsindən zərbə alan futbolçu xərəkdə meydandan çıxarılıb.
“Konyaspor”un ikinci qolunu isə Deniz Türüç vurub. Kramerın aşırma zərbəsindən sonra dirəkdən qayıdan topu yaxşı izləyən futbolçu hesab arasındakı fərqi azaldıb.
Beləliklə, “Fənərbağça” 4:2 hesablı qələbə ilə Super Liqada mövsümün ilk xallarını qazanıb. İstanbul klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Lion”la keçirəcəyi oyun öncəsi də mənəvi üstünlük əldə edib.
Növbəti turda “Fənərbağça” səfərdə “Samsunspor”la, “Konyaspor” isə evdə “Kocaelispor”la qarşılaşacaq.
22:21
Türkiyə Super Liqasının ikinci turunda “Samsunspor” futbol klubu səfərdə “Çaykur Rizespor”u 2:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “Çaykur Didi” stadionunda keçirilən görüşdə qonaqların heyətində Co Mendes 34-cü dəqiqədə hesabı açıb.
63-cü dəqiqədə Fatih Kaya fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib - 2:0.
Komanda ilk turda “Göztəpə” ilə heç-heçə etdikdən sonra Rizedə üç xal qazanaraq xallarının sayını dördə çatdırıb.
Növbəti turda “Samsunspor” “Fənərbağça”nı qəbul edəcək. “Çaykur Rizespor” isə “Qaziantep”in qonağı olacaq.
Paralel keçən oyunda “Kasımpaşa” səfərdə “Çorum”u 1:0 hesabı ilə məğlub edib.
Azarkeşsiz keçirilən qarşılaşmada yeganə qol altıncı dəqiqədə vurulub. Adrian Benedyczak fərqlənərək İstanbul təmsilçisinə üç xal qazandırıb.
İlk turda “Trabzonspor”la heç-heçə edən “Kasımpaşa” bu qələbədən sonra xallarının sayını dördə çatdırıb. “Çorum” isə bir xalla qalıb.
Növbəti turda “Kasımpaşa” səfərdə “Başakşehir”lə, “Çorum” isə “Beşiktaş”la qarşılaşacaq.
