“Roma” Rodriqo Mora üçün bütün gecə danışıqlar aparıb

12 Avqust 2026 11:14
147
“Roma” Rodriqo Mora üçün bütün gecə danışıqlar aparıb

İtaliyanın “Roma” futbol komandası Portuqaliyanın “Portu” klubunun yarımmüdafiəçisi Rodriqo Moranı heyətinə qatmağa yaxındır.

İdman.Biz xəbər verir ki, tərəflər transferlə bağlı gecə saatlarınadək danışıqlar aparıblar. Hazırda razılaşmanın son detalları müzakirə olunur və keçidin baş tutmasına mane ola biləcək ciddi problemin qalmadığı bildirilir.

Transfer prosesində tanınmış agent Jorje Mendeş də iştirak edir. 19 yaşlı futbolçunun ailəsi ilə birlikdə Romaya köçməyə hazır olduğu və İtaliya klubunda çıxış etmək istədiyi qeyd olunur.

“Roma” artıq “Portu”ya konkret təklif təqdim edib. Əsas müzakirə mövzusu mümkün icarə müqaviləsində satınalma bəndinin hansı şərtlərlə məcburi xarakter almasıdır. Portuqaliya klubunun ilk təklifi qəbul etmədiyi və qarşı tərəfə əks-təklif göndərdiyi də bildirilir.

Mora ötən il Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol klubundan 60 milyon avrodan artıq təklif alsa da, həmin vaxt ailəsi ilə birlikdə Portuqaliyada qalmağa qərar vermişdi. İndi isə futbolçu daha çox oyun vaxtı əldə etmək üçün “Roma” variantına müsbət yanaşır.

İdman.Biz
Məqalədə: