Trevo Çaloba “Çelsi”dən “Komo”ya keçdi

10 Avqust 2026 01:06
147
Trevo Çaloba “Çelsi”dən “Komo”ya keçdi

İtaliyanın “Komo” futbol komandası heyətini “Çelsi”nin müdafiəçisi Trevo Çaloba ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, 27 yaşlı futbolçunun transferi hər iki klub tərəfindən rəsmən açıqlanıb. Çaloba “Komo” ilə 2031-ci ilədək müqavilə imzalayıb.

Britaniya mediasının məlumatına görə, “Komo” transfer üçün “Çelsi”yə 30 milyon avro (təxminən 58,8 milyon AZN) ödəyəcək. Razılaşmada əlavə bonuslar da nəzərdə tutulub. Bəzi mənbələr bonusların 6 milyon avroya qədər çata biləcəyini bildirir.

Çaloba “Çelsi” akademiyasının yetirməsidir və klub sisteminə uşaq yaşlarında qoşulub. O, əsas komandada ümumilikdə 151 oyun keçirib. Müdafiəçi karyerası ərzində “İpsviç”, “Haddersfild”, “Loryan” və “Kristal Palas”da da icarə əsasında çıxış edib.

Ötən mövsüm Çaloba “Çelsi”nin heyətində bütün turnirlərdə 47 qarşılaşmada meydana çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib. O, İngiltərə millisinin 2026-cı il dünya çempionatındakı heyətində də yer alıb.

“Komo”nun baş məşqçisi Sesk Fabreqas daha əvvəl “Çelsi”də çıxış edib və Çalobanın transferində mühüm rol oynayıb. İtaliya klubu ötən mövsüm Çempionlar Liqasına vəsiqə qazanaraq tarixində ilk dəfə bu turnirdə iştirak hüququ əldə edib.

İdman.Biz