Avropa Məhkəməsindən Superliqa ideyasına “yaşıl işıq”

Xəbərlər
21 Dekabr 2023 20:07
186
Avropa Məhkəməsindən Superliqa ideyasına “yaşıl işıq”

Avropa Məhkəməsi Superliqa ideyası ilə bağlı qərar çıxarıb.

İdman.biz xəbər verir ki, FİFA və UEFA-nın turnirin təşkilinə qadağası əsassız sayılıb.

Bu barədə Superliqa layihəsinin baş direktoru Bernd Rayxart məlumat verib. O, bunları deyib: “Biz turnirdə iştirak üçün sonadək döyüşdük. UEFA-nın monopoliyası başa çatdı. Futbol azaddır! Bütün oyunlar pulsuz yayımlanacaq. Gəlirlər turnirin bütün iştirakçıları arasında bölüşdürüləcək”.

2021-ci ilin aprelində 12 Avropa klubu Superliqanın təşkilini elan etsə də, sonradan əksəriyyət qərarını dəyişmişdi. UEFA və FİFA layihənin rəqabət qanunlarını pozduğunu açıqlaması və yerli futbol təşkilatlarının təzyiqi ilə 10 klub Superliqadan çıxdığını elan etmişdi. Yalnız “Real” və “Barselona” turnirin təşkili üçün sonadək mübarizə aparacaqlarını bildirmişdilər.

Avropa Məhkəməsinin qərarı birmənalı qarşılanmayıb. Artıq İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniya futbol liqaları açıqlama yayaraq, növbəti dəfə turnirə qarşı çıxdıqlarını bildiriblər. Açıqlamada turnirdə iştirak edəcək klubların milli çempionatlardan uzaqlaşdırılacağı qeyd olunub. PSJ, “Bavariya”, “Borussiya D”, “Roma”, “Mançester Yunayted”, “Atletiko” kimi klublar Superliqada iştirak etməyəcəklərini bəyan ediblər.

Superliqanın 18 aydan sonra start götürəcəyi açıqlanıb. Artıq yarışın formatı da bəllidir. Üç liqadan ibarət Superliqada 64 klub yarışacaq. Bütün liqalar “liqa mərhələsi” və “pley-off mərhələsi”dən ibarət olacaq.

Star Liqası — 2 qrupda 16 komanda
Gold Liqas — 2 qrupda 16 komanda
Blue Liqası — 4 qrupda 32 klub

İdman.biz