Almaniya parlamentinin üzvü və Federal Kansler Fridrix Mertsin müttəfiqi olan alman siyasətçisi Yurgen Hardt, Almaniyanın ABŞ-a təzyiq göstərmək üçün 2026-cı il dünya çempionatının boykot edə biləcəyini irəli sürüb.
“Turnirdən imtina etmək ABŞ prezidenti Donald Trampı Qrenlandiya məsələsində ağıllandırmaq üçün son çarə kimi qəbul edilə bilər. Turnir onun üçün çox vacibdir”, - deyə Bild Hardtdan sitat gətirib.
Daha əvvəl Donald Tramp Danimarkanın muxtar bölgəsi olan Qrenlandiya üzərində ABŞ-ın nəzarətini qurmaq və orada raketdən müdafiə sistemləri yerləşdirmək istədiyini bildirmişdi.
2026-cı il dünya çempionatı gələn yay üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.
