“Fənərbağça” klubunun prezidenti Sadettin Saran Türkiyədə narkotik maddələrlə bağlı aparılan cinayət işi çərçivəsində şübhəli qismində İstanbul Baş Prokurorluğu tərəfindən istintaqa cəlb edilib.
İdman.Biz-in məlumatına görə, Saran “Habertürk” onlayn nəşrinin keçmiş baş redaktoru Mehmet Akif Ersoyun da cəlb edildiyi iş üzrə ifadə vermək üçün prokurorluğa çağırılıb.
İddialara görə, Saranın evində axtarış aparılıb. Hazırda İtaliyanın Milan şəhərində olan klub rəsmisi sabah səhər ölkəyə dönərək ifadə verəcək. Saran “Sözcü” qəzetinə verdiyi açıqlamada “Sabah səhər Türkiyəyə qayıdacağam və heç bir şeydən çəkinmirəm” deyib.
Sarana yaxın mənbələrlə əlaqəsi olan jurnalist Barış Terkoğlu bildirib ki, “Fənərbağça” prezidenti transferlərlə bağlı görüş keçirmək üçün İtaliyaya gedib.
Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.
Saran 1964-cü ildə ABŞ-ın Denver şəhərində dünyaya gəlib. O, Kentukki Universitetinin Maşınqayırma Mühəndisliyi fakültəsindən məzun olub.
1984-1985-ci illərdə Türk Milli Üzgüçülük komandasının kapitanı olub. Üzgüçülüklə bağlı bir neçə rekorda imza atıb. “S Sport”, “Radyospor”, “Radyo Müzik”, “Radyo Trafik” kimi media qurumları, “Ajansspor” internet səhifəsi və tuttur.com mərc saytı da Sadettin Sarana aiddir.
Saran əsasən media sahəsi olmaqla beş əsas biznes sektorunda fəaliyyət göstərən 33 şirkəti özündə birləşdirən “Saran Group”un İdarə Heyətinin rəhbəridir. O, Əziz Yıldırımın rəhbərliyi dövründə “Fənərbağça”nın futbol şöbəsinə məsul şəxs olub.
Qeyd edək ki, Sadettin Saran bu ilin sentyabr ayında “Fənərbağça”nın prezidenti seçilib.
