“Real Madrid” “Mançester Siti”nin hücumçusu Erlinq Halandın nümayəndələri ilə əlaqə saxlayaraq, onun İspaniya nəhənginə transfer olma ehtimalını dəyərləndirib.
Bu barədə İdman.Biz “Caught Offside”a istinadən bildirir.
Məlumata görə, “Kral klubu” bu yay külli miqdarda vəsaitə sahib ola bilər, çünki onlar hücumçu Vinisius Junioru adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubuna 250 milyon avroya satmağı düşünürlər. “Real Madrid” bu müqavilədən əldə edilən gəliri norveçlini almaq üçün istifadə edə bilər.
“Şəhərlilər”in müqaviləsi 2034-cü ilin yayına qədər olan 25 yaşlı forvardı satmaqdan çəkindiyi də vurğulanır. Buna baxmayaraq, “Real” Halandın transferi ideyasından əl çəkməyi planlaşdırmır.
Norveçli futbolçu 2022-ci ilin yayından “Mançester Siti”də çıxış edir. Bu müddət ərzində hücumçu bütün yarışlarda 155 oyun keçirib, 136 qol vurub və 22 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, Haalandın bazar dəyəri 180 milyon avrodur.