Türkiyənin Aksaray şəhərində həvəskarların mini-futbol matçı zamanı möhkəm dava düşüb.
İdman.Biz-in “İhlas Haber Ajansı”na istinadən verdiyi məlumata görə, Eskil məhəlləsində futbolçular arasında yaranan mübahisə qısa zamanda daş və çubuqlu davaya çevrilib. Hadisə nəticəsində 7 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili yardım maşınları gəlib. Yaralılardan 4-ü Eskil Dövlət Xəstəxanasına, 3-ü isə Aksaray Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Münaqişənin bütün iştirakçılarına tibbi yardım göstərildikdən sonra onlar polis tərəfindən saxlanılıblar.
Aksaray Prokurorluğu hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.