“Barselona”nın prezidenti Joan Laporta üç səbəbə görə Superliqa layihəsindən imtina etmək və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə əməkdaşlığı gücləndirmək qərarına gəlib.
İdman.biz xəbər verir ki, “Barselona”nın prezidenti Joan Laporta UEFA ilə əlaqələrin qurulduğunu açıqlayıb və klubları quruma qayıtmağa çağırıb.
“El Mundo”nun yazdığına görə, səbəblərdən birincisi odur ki, “Barselona” yeni Avropa turnirində iştirakdan vəsait alsa belə, yenə də UEFA-dan alacağı maliyyəyə ehtiyacı olacaq. “Barselona” həmçinin assosiasiyaların tətbiq etdiyi cəzaların yumşaldılmasında maraqlıdır.
İkincisi, Çempionlar Liqası oyunlarının keçirilməsi üçün meyarlar La Liqa ilə müqayisədə daha sərt olduğundan, “Barselona” yenilənmiş “Kamp Nou” stadionunun açılışında UEFA prezidenti Aleksander Çeferinin dəstəyini almaq istəyir. UEFA-nın mart ayında stadionla bağlı ekspertiza aparması planlaşdırılır.
Üçüncüsü, hələ də araşdırılan “Neqreyra işi”nin yaratdığı uzunmüddətli təhlükə qalmaqdadır. Kataloniya klubu hakimlərə rüşvət verməkdə təqsirli bilinərsə, UEFA onu Çempionlar Liqasından kənarlaşdıra bilər.
Dördüncüsü, Laporta hesab edir ki, “Barselona”da 2026-cı ildə keçiriləcək prezident seçkiləri öncəsi UEFA ilə münasibətləri yaxşılaşdırmaq faydalı olacaq.