Azərbaycan millisinin voleybolçusu: "Karyeram futbolla başladı, voleybol həyatıma istiqamət verdi" - MÜSAHİBƏ

Müsahibə
2 Sentyabr 2025 16:27
51
Azərbaycan millisinin voleybolçusu: "Karyeram futbolla başladı, voleybol həyatıma istiqamət verdi" - MÜSAHİBƏ

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenkonun AZƏRTAC-a müsahibəsi

- Lap əvvəldən başlayaq. Voleybola necə gəlmisiniz? Nə vaxt qərar verdiniz ki, mən voleybolçu olacağam?

– Mən voleybola 15 yaşımda başladım. Məktəbimizdə futbol matçında iştirak edirdim, orada voleybol məşqçisi də var idi. O, məni məşqlərə dəvət etdi və mən ilk dəfə 15 yaşımda voleybol topunu əlimə aldım. Karyeram futbolla başlasa da, voleybol həyatıma istiqamət verdi.

- Voleybolu seçməsəydiniz, hansı peşə ilə məşğul olardınız?

– Məktəbdə yaxşı oxuyurdum, xüsusən kimya fənnini çox yaxşı bilirdim. Anam istəyirdi ki, tibb texnikumuna daxil olum və əczaçı olum. Yəqin ki, voleybol olmasaydı, indi əczaçılıq sahəsində çalışırdım.

- Başqa hansı idman növlərinə marağınız var?

– İdman karyeram futbolla başladığı üçün bu növlə hələ də əlaqəm var. Çünki həyat yoldaşım da keçmiş futbolçudur.

- Ən bəyəndiyiniz futbolçu kimdir və nə üçün?

Yəqin ki, Kriştianu Ronaldunu deyə bilərəm. O, hər yaş dövründə ideal idmançıdır – görünüşü, həyat tərzi ilə nümunədir.

- Bu yaxınlarda UNEC klubu ilə müqavilə imzaladınız. Bu kluba keçidiniz necə baş tutdu?

– Mart ayında UNEC klubunun prezidenti mənimlə əlaqə saxladı. Mən də bütün məlumatları agentimə ötürdüm. Onlar detalları müzakirə etdilər, şərtlər mənə uyğun oldu. Azərbaycandan təklif aldığım üçün çox sevindim, çünki prioritetim məhz Bakı idi. Qısa müddət sonra müqavilə imzaladıq və bundan çox məmnunam.

- Ötən mövsüm "Makkabi Aşdod" komandasında İsrail çempionu oldunuz. Maraqlıdır, bəs niyə Aşdod təmsilçisində qalmadınız?

– Çünki UNEC klubu ilə müqaviləni əvvəlcədən imzalamışdım. Martın sonu, aprelin əvvəlində “Makkabi Aşdod”dan təklif gəldi, amma artıq yeni mövsüm üçün klubum olduğuna görə onlara “yox” dedim.

- Başqa ölkələrdən təkliflər aldınız?

– Bəli, Azərbaycandan, Polşadan və İsraildən təkliflər var idi.

- Uzun illərdir Azərbaycan millisində çıxış edirsiniz. Bu müddət ərzində komandada hansı dəyişiklikləri müşahidə etmisiniz?

– Təəssüf ki, bu il sağlamlıq vəziyyətimə görə milli komandaya qoşula bilmədim, çünki mövsüm bitəndən sonra zədələnmişdim. Amma son üç ildə komandamıza çox sayda gənc oyunçular qoşulub. Bu, çox yaxşıdır. Onlar bizimlə birlikdə məşq edir, məşqçiləri dinləyir, bütün göstərişləri yerinə yetirirlər. Bəzən təcrübəli oyunçulara istirahət və ya zədədən sonra bərpa lazımdır. Bu zaman gənclərin oyun təcrübəsi qazanması çox önəmlidir. Avropa Qızıl Liqası kimi turnirlər onlar üçün yaxşı təcrübədir.

- Vaxtilə voleybol yığmamız böyük uğurlar qazanıb. Amma sonradan bu idman növü bir qədər gerilədi. Son illərdə isə Azərbaycanda voleybolun inkişafı üçün ciddi işlər görülür. Sizcə, bunun bəhrəsini nə vaxt görmək mümkün olacaq?

– Məncə, yaxın gələcəkdə mütləq görəcəyik. Çünki həm bölgələrdə, həm də Bakıda gənclərlə işləyən çoxlu xarici mütəxəssislər var. Gələcək mövsümlərdə gənc oyunçuların milli komandaya daha çox qoşulacağına inanıram. Geriləmə ilə bağlı deyim ki, uzun mövsümlərdən sonra bəzən oyunçulara bərpa üçün vaxt lazımdır. Gənclər isə bu boşluğu doldurur və gələcəkdə komandaya daha çox fayda verirlər.

- Son oyunlarda millimizin çıxışını necə dəyərləndirirsiniz? Daha yaxşı nəticə üçün hansı məqamlar üzərində çalışmaq vacibdir?

– Gənclərin komandaya qoşulması çox yaxşıdır. Çünki bəzi oyunçuların uzun mövsümdən sonra istirahətə, kiminsə bərpa prosesinə ehtiyacı olur. Bu da nəticələrə təsir edir. Amma gənclər üçün təcrübə qazanmaq baxımından çox faydalıdır. Mən özüm də vaxtında belə şans əldə etmişdim və gənclərə bu imkanı yaratmaq çox önəmlidir.

- Qadın idmançı olaraq peşəkar arenada hansı çətinliklərlə üzləşirsiniz və bunları necə dəf edirsiniz?

– Bir az gözlənilməz sual oldu. Çünki mən heç vaxt gender məsələsi ilə bağlı çətinlik yaşamamışam. Bu səbəbdən necə cavab verəcəyimi də bilmirəm, belə bir təcrübəm olmayıb.

- Azərbaycan gəncləri arasında voleybolun inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? Bu idman növünün daha da populyarlaşması üçün hansı addımlara ehtiyac var?

– Müsahibədən öncə Gəncədə keçiriləcək MDB turnirinə hazırlaşan gənclərdən ibarət milli komanda ilə görüşdük. Onlara uğurlar arzuladıq. Orada çox perspektivli qızlar gördüm. Məşqçilərimizin və federasiyamızın bu işdə maraqlı olduğunu gördüm. Hər şey yaradılıb – çoxlu turnirlər, çoxlu hazırlıq prosesi var. Düşünürəm ki, yaxın illərdə həmin qızları həm Azərbaycan klublarında, həm də milli komandada görəcəyik.

-Klub və milli səviyyəsində qarşıdakı hədəfləriniz nələrdir?

– Klub səviyyəsində UNEC kifayət qədər gənc klubdur. Ona görə də hədəfimiz yüksəkdir – yaxşı oyun göstərmək, komandamızın güclü rəqib olduğunu sübut etmək və finala qədər yüksəlmək. Bu, hər klub üçün normal hədəfdir. Milli komanda ilə isə noyabr ayında keçiriləcək İslam Oyunlarında iştirak edəcəyik. Məqsədimiz mütləq medal qazanmaqdır. Başqa hədəf ola bilməz – yalnız ən yüksək nəticələr uğrunda çalışacağıq. Avropa yarışlarına gəlincə, qrup oyunlarının Bakıda keçiriləcəyini bilirik. Bu, bizim üçün əlavə motivasiyadır. Çünki doğma divarlar arasında, azarkeşlərin dəstəyi ilə oynayacağıq və çalışacağıq ki, yaxşı nəticələr əldə edək.

İdman.biz