Azərbaycan millisi Avropa çempionatı növbəti seçmə oyunlarının hazırlıqlarına başlayır

Xəbərlər
2 İyul 2025 13:50
42
Azərbaycan millisi Avropa çempionatı növbəti seçmə oyunlarının hazırlıqlarına başlayır

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasında çıxışını başa vurduqdan sonra 2026-cı il Avropa çempionatı seçmə mərhələsi növbəti oyunlarının hazırlıqlarına başlayır.

İdman.biz xəbər verir ki, seçmə mərhələ ötən il start götürüb və komandamız qrupda ilk iki oyunda - səfərdə Avstriyaya, evdə isə Belçikaya eyni 0:3 hesabı ilə uduzub.

Fərid Cəlalovun çalışdırdığı komandanın indi bu rəqiblərlə iki cavab oyunu qalıb. Voleybolçularımız avqustun 13-də səfərdə Belçika, avqustun 16-da isə Bakıda avstriyalılarla qarşılaşacaqlar.

İlk iki görüşdə 6 xal toplayan belçikalılar qrupa başçılıq edirlər.

Ümumi güc balansından danışsaq, Belçika, Danimarka, Çexiya, Yunanıstan, Estoniya və Latviya təsnifatın ilk dövrəsində öz qruplarında liderliyi ələ alıblar.

Qeyd edək ki, Avropa çempionatı Bolqarıstan, Finlandiya, İtaliya və Rumıniyada keçiriləcək.

İdman.biz