“Azərbaycan komandası ilə oyunumuz fərqli üslubların mübarizəsi olacaq”.
İdman.biz xəbər verir ki, bu sözləri İsveçin kişilərdən ibarət voleybol millisinin baş məşqçisi Gido Vermeylen Avropa Gümüş Liqasının startı ərəfəsində deyib.
Yarış çərçivəsində iyunun 6-da İsveçin Umeo şəhərində keçiriləcək ilk oyunda meydan sahibləri Fərid Cəlalovun çalışdırdığı komanda ilə qarşılaşacaqlar. Vermeylen fərqli voleybol məktəblərinin mübarizəsini səbirsizliklə gözlədiyini bildirib: “Azərbaycan komandasının oyun üslubu bizdən fərqlidir. Biz yüksəkdə və qüvvətli oynasaq da, rəqib sürətli voleybol və güclü müdafiə nümayiş etdirir. Amma evdə daha yaxşı olduğumuzu sübut etməyə çalışacağıq”.
O, qrupdakı digər rəqib Gürcüstan yığması barədə daha az məlumata sahib olduqlarını da qeyd edib: “Gürcüstan haqqında az məlumatımız var, amma şənbə günü onların Azərbaycan komandası ilə oyununu səbirsizliklə gözləyirik”.
Vermeylen komandasının hazırkı durumunu da dəyərləndirib: “Hazırlıq plan üzrə gedir. Oyunçular fərdi olaraq klub mövsümündə formalarını artırıblar və öz ‘ev tapşırıqlarını’ yerinə yetiriblər. Komanda şəklində inkişaf edirik və irəliləyişə doğru addımlar atırıq”, – deyə İsveç millisinin çalışdırıcısı fikrini tamamlayıb.
İdman.biz