“Turan” voleybol klubunun növbəti Çempionlar Liqası oyunu harada keçiriləcək? - İDMAN.BİZ TOVUZDA

19 Oktyabr 2026 17:23
126
“Turan” voleybol klubunun növbəti Çempionlar Liqası oyunu harada keçiriləcək? - İDMAN.BİZ TOVUZDA

“Turan” voleybol klubu (VK) tarixində ilk dəfə CEV Çempionlar Liqasında mübarizə aparacaq. Azərbaycan çempionu turnirdəki debütünü doğma azarkeşləri qarşısında edəcək. Tovuz təmsilçisi növbəti mərhələyə yüksələrsə, ev oyununu da doğma meydanda keçirməyə çalışacaq.

İdman.Biz-in Tovuza ezam olan əməkdaşının məlumatına görə, “Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov voleybol üzrə Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyun öncəsi mətbuat konfransında açıqlama verib.

O bildirib ki, komanda hər iki təsnifat mərhələsini uğurla başa vurmağa ümid edir:

“Ümid edirəm ki, hər iki təsnifat mərhələsini uğurla keçəcəyik. Növbəti ev oyunumuzun da Tovuzda keçirilməsini istəyirik. Bununla bağlı danışıqlar gedir. Ümid edirəm ki, növbəti mərhələnin oyununu da Tovuzda keçirməyə nail olacağıq”.

Tovuzda daha çox futbolun populyar olması ilə bağlı suala cavab verən Həsən Zeynalov isə araşdırmaları zamanı voleybolun bölgədə futboldan daha əvvəl mövcud olduğunu öyrəndiyini bildirib.

Qeyd edək ki, “Turan” VK oktyabrın 20-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın “Mladost” (Zaqreb) komandası ilə qarşılaşacaq. Görüş Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İdman.Biz