“Turan” voleybol klubu qısa müddətdə Azərbaycan çempionu adını qazanıb, indi isə qarşıda daha böyük sınaq - Çempionlar Liqası dayanır. Tovuz təmsilçisi üçün Avropa arenasında mübarizə yalnız idman uğuru deyil, həm də bölgədə voleybolun inkişafı və klubun gələcək perspektivləri baxımından mühüm mərhələdir.
Bəs komanda bu sınağa nə dərəcədə hazırdır, maliyyə dayanıqlığını necə təmin edəcək və əldə olunan uğurları davamlı nəticələrə çevirmək üçün hansı addımlar atılacaq?
İdman.Biz-in Tovuza ezam olunmuş əməkdaşı bu və digər məsələlərlə bağlı “Turan” voleybol klubunun prezidenti Həsən Zeynalovla danışıb.
– “Turan” qısa müddətdə Azərbaycan çempionu oldu və indi Çempionlar Liqasında debüt etməyə hazırlaşır. Klub yaradılarkən belə sürətli inkişafı gözləyirdinizmi, yoxsa nəticələr ilkin planlarınızı qabaqladı?
– İlk növbədə, təşəkkür edirəm. Klub yaradılarkən əsas məqsədlərimizdən biri çempionluq uğrunda mübarizə aparmaq idi. Nəticədə istəyimizə çatdıq və çempion olduq. Bu uğur bizə Avropa arenasında mübarizə aparmaq imkanı qazandırdı. Qarşımıza böyük hədəflər qoymuşuq və onlara çatmaq üçün çalışırıq.
– Azərbaycan çempionluğu ilə Çempionlar Liqasında iştirak arasında həm idman, həm də maliyyə baxımından ciddi fərq var. Klubun büdcəsi və infrastrukturu Avropanın aparıcı komandaları ilə rəqabət aparmağa nə dərəcədə imkan verir?
– İnfrastrukturumuz mövcud tələblərə və qaydalara uyğundur. Müəyyən büdcəmiz var və sponsorlarımızın dəstəyi ilə fəaliyyətimizi davam etdiririk. Bu imkanlar hesabına yola çıxmışıq və hədəfimizə çatacağımıza inanırıq.
– Komandanın heyətində ciddi dəyişikliklər edilib və 11 yeni voleybolçu transfer olunub. Bu qədər geniş yenilənmə yalnız Çempionlar Liqasına hesablanmışdı, yoxsa klubun uzunmüddətli strategiyasının bir hissəsidir?
– Bu, əvvəlcədən planlaşdırılmış addım idi. Avropa arenasında təcrübəli oyunçularla mübarizə aparmağı nəzərdə tutmuşduq. Eyni zamanda, yerli çempionatda liderliyimizi qorumaq üçün də heyəti buna uyğun formalaşdırdıq.
– “Turan”ın Avropa arenasına çıxması Tovuz kimi bölgə şəhəri üçün əlamətdar hadisədir. Sizcə, bu uğur regionda voleybola marağı nə dərəcədə artıra bilər və klub həmin marağı davamlı inkişafa necə çevirmək niyyətindədir?
– Təbii ki, bu, böyük uğurdur. Artıq uşaqların voleybola yazılmağa maraq göstərməsi də bunu təsdiqləyir. Düşünürəm ki, bu nailiyyət voleybola marağın artmasına müsbət təsir göstərəcək.
– Aşağı yaş qruplarından olan gənc oyunçuların yetişdirilməsinə də diqqət yetirilir. Gələcəkdə Tovuzda “Turan” Voleybol Akademiyasının fəaliyyətini genişləndirmək planınız varmı?
– “Turan” Voleybol Akademiyası artıq dörd ildir fəaliyyət göstərir. Əvvəlcə aşağı yaş qrupları üzrə komandalarımızı formalaşdırdıq, daha sonra əsas komandanı yaratdıq. Akademiyanın fəaliyyəti gələcəkdə də davam edəcək və gənc voleybolçuların yetişdirilməsinə diqqət yetirəcəyik.
– Azərbaycanda qısa müddətdə böyük uğurlar qazanan, lakin sonradan maliyyə problemləri ilə üzləşən idman klubları da var. “Turan”ın uzunmüddətli fəaliyyətini və maliyyə dayanıqlığını təmin etmək üçün hansı addımlar atılır?
– Hazırda sponsorlarımız var və onların dəstəyini təmin etmək üçün fəal iş aparırıq. İnşallah, bu mövsüm maliyyə baxımından hər hansı problemlə üzləşməyəcəyik. Mənim arzum klubun uzunömürlü olması və gələcəkdə də böyük uğurlara imza atmasıdır.
