“Qadınlardan ibarət UNEC voleybol klubu Azərbaycan çempionatının 2026/2027 mövsümündə əsasən gənclərdən ibarət heyətlə mübarizə aparacaq”.
Bunu qadınlardan ibarət UNEC voleybol klubu komandasının baş məşqçisi Fərid Cəlalov deyib.
Mütəxəssis qarşıya qoyulan hədəflər haqqında danışıb.
“Bu mövsüm UNEC gənclərdən təşkil olunmuş heyətlə yarışa qatılacaq. Ötən il gənclərin çempionatında iştirak edən heyətdən bir neçə voleybolçunu komandaya cəlb etmişik. Hətta 14-16 yaşlı voleybolçular heyətdə yer alıblar. Hədəfimizdən biri çempionatda yüksək pillələr uğrunda mübarizə aparmaqdırsa, digəri gəncləri inkişaf etdirərək Azərbaycan voleybolunun tərəqqisinə töhfə verməkdir”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
F.Cəlalov heyətin komplektləşdirildiyini və təlim-məşq toplanışının başlanacağını bildirib:
“Transferləri reallaşdırmışıq və heyəti demək olar ki, komplektləşdirmişik. Yaxın bir neçə gün ərzində hazırlığa başlamağı planlaşdırırıq”.
