Azərbaycan voleybol millisinin liberosu yığmadan ayrıldı

3 Sentyabr 2026 16:03
125
Azərbaycan voleybol millisinin liberosu yığmadan ayrıldı

Azərbaycan qadın voleybol millisinin liberosu Yuliya Kərimova yığma komandadakı karyerasını başa vurub. 38 yaşlı voleybolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

İdman.Biz xəbər verir ki, Yuliya Kərimova qərarını açıqlayarkən milli komandada keçirdiyi illərin həyatında mühüm yer tutduğunu bildirib.

“Bu gün bu sözləri demək mənim üçün asan deyil, amma onları səmimi şəkildə demək istəyirəm. Mən milli komandadan ayrılıram. Bu müddət ərzində burada çox şey yaşandı: qələbələr və məğlubiyyətlər, sevinc və məyusluqlar, ağır məşqlər, yarışlar, hər şeyi atmaq istədiyim anlar və bütün bunlara həqiqətən dəyər olduğunu hiss etdiyim məqamlar”, - deyə voleybolçu qeyd edib.

Kərimova milli komandada yalnız idmançı kimi deyil, insan kimi də formalaşdığını vurğulayıb:

“Milli komanda həyatımın böyük bir hissəsinə çevrildi. Burada mən təkcə idmançı kimi deyil, həm də insan kimi böyüdüm. Çox şey öyrəndim, çox şey yaşadım. Mənə qarşı tələbkar olduğunuz, dəstək göstərdiyiniz və hətta özüm özümə şübhə etdiyim anlarda belə mənə inandığınız üçün təşəkkür edirəm”.

Təcrübəli libero idman karyerasını davam etdirəcəyini də açıqlayıb:

“Bundan sonra yolumun məni hara aparacağını bilmirəm. Amma bir şeyi dəqiq bilirəm: milli komandadan ayrılsam da, idmandan getmirəm və məqsədlərimdən imtina etmirəm. Həyatımın bu mərhələsi üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Yuliya Kərimova Azərbaycan millisinin heyətində 2026-cı il Avropa çempionatında da yer alıb. O, klub səviyyəsində Azərbaycan çempionu “Turan”ın formasını geyinir.

İdman.Biz