Azərbaycan millisindəki karyerasını başa vuran Polina Rəhimova yığmada məşqçi kimi fəaliyyət göstərməyə hazır olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, təcrübəli voleybolçu bu barədə federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Rəhimova azarkeşləri milli komandaya dəstək olmağa çağırıb. O, ehtiyac yaranacağı təqdirdə yığmada məşqçi kimi çalışmağa hazır olduğunu vurğulayıb:
“Xahiş edirəm, milli komandanı dəstəkləməyə davam edin. Mən isə voleybola son nöqtəni qoymuram. Ehtiyac olarsa, milli komandaya dəvət olunaramsa, məşqçi kimi kömək etməyə hazıram. Hər kəsi yay düşərgəsinə dəvət etmək istəyirəm. Üç həftə ərzində üç müxtəlif yaş qrupundan olan uşaqlar üçün ustad dərsləri keçəcəyəm. Hamınızı orada görməyə çox şad olardım”.
Təcrübəli hücumçu milli komandadakı 15 illik karyerasını və qazandığı uğurları da xatırlayıb:
“Milli komandadakı karyeramı başa vurdum. Yığmada 15 il çıxış etdim. Dörd dəfə olimpiadanın təsnifat mərhələsində, iki dəfə dünya çempionatında, doqquz dəfə Avropa çempionatının final mərhələsində oynadım. Xal baxımından dünya rekorduna imza atdım. Bu rekordla ölkəmizin bayrağını mümkün qədər yüksəyə qaldırdım, çünki hələ də bu rekordu heç kim yeniləməyib”.
Rəhimova gənclərdən ibarət milli komandanın gələcəyi ilə bağlı fikirlərini də bölüşüb:
“Arzulayıram ki, gənclərdən ibarət yığmamız daha da inkişaf etsin. Hazırda komandada yerli oyunçular var, bu çox dəyərlidir. Azərbaycanda voleybolun yaşamağa davam etdiyini görmək çox xoşdur. Bu, çox qürurvericidir və insanı ruhlandırır. İnsanlar bu işlə məşğul olurlar. Mən də şadam ki, buna töhfə verə bildim”.
O, karyerası ərzində ona dəstək olan hər kəsə təşəkkür edib:
“Hər kəsə təşəkkür edirəm. Bu, həyatımın çox möhtəşəm bir hekayəsi idi. Öz kitabımı bağlayıb yenisinə başlayıram. Həyat davam edir. Çox sağ olun”.
Qeyd edək ki, Polina Rəhimova 2007-ci ildən Azərbaycan millisinin formasını geyinib.
