Avropa çempionatı: Voleybol millimiz qrupdakı sonuncu oyunda məğlub olub - YENİLƏNİB + FOTO

28 Avqust 2026 20:51
1 072
Avropa çempionatı: Voleybol millimiz qrupdakı sonuncu oyunda məğlub olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderland seçməsi ilə üz-üzə gəlib.

Oyunun ilk setində Azərbaycan millisi böyük hesabla üstün olub: 25:15. İkinci setdə daha inamlı təsir bağışlayan Niderland yığması hesabı bərabərləşdirib: 25:16. Üçüncü set isə daha gərgin mübarizə şəraitində keçib. Daha dəqiq oynayan Niderland set hesabında önə keçib: 25:22. Dördüncü setdə isə arenaya toplaşan azarkeşlər başabaş oyuna şahid olublar. Setin sonlarında Niderland voleybolçuları üstünlüyü ələ keçiriblər: 25:19.

Məğlubiyyətə baxmayaraq, Azərbaycan millisi 8 xalla qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi voleybol üzrə Avropa çempionatında üç qələbə qazanıb. Komanda Portuqaliyanı 3:1, İspaniyanı 3:0, Rumıniyanı isə 3:2 hesabı ilə məğlub edib.

17:28

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda növbəti oyun baş tutub.

İdman.Biz xəbər verir ki, günün ilk qarşılaşmasında Rumıniya və İspaniya yığmaları üz-üzə gəlib.

Milli Gimnastika Arenasında keçirilən matç Rumıniyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, günün ikinci görüşündə Azərbaycan millisi Niderlandla qarşılaşacaq. Milli Gimnastika Arenasında keçiriləcək oyun saat 18:30-da başlayacaq.

10:13

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatının qrup mərhələsində son oyununu bu gün keçirəcək.

İdman.Biz xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma C qrupundakı son görüşündə Niderlandla qarşılaşacaq.

Milli Gimnastika Arenasında baş tutacaq oyun saat 18:30-da start götürəcək.

Günün digər matçında isə Rumıniya İspaniya ilə üz-üzə gələcək. Bu qarşılaşmalardan sonra C qrupunda mübarizəyə yekun vurulacaq.

Hazırda Belçika 13 xalla qrupun lideridir. Niderland 9 xalla ikinci, Azərbaycan isə 8 xalla üçüncü pillədə qərarlaşıb. Portuqaliyanın 5, Rumıniyanın 3, İspaniyanın isə 1 xalı var.

Qeyd edək ki, Azərbaycan millisi voleybol üzrə Avropa çempionatında artıq üç qələbə qazanıb. Komanda Portuqaliyanı 3:1, İspaniyanı 3:0, Rumıniyanı isə 3:2 hesabı ilə məğlub edib. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv indiyədək yalnız Belçikaya 0:3 hesabı ilə uduzub.

Foto: İslam Atakişiyev

İdman.Biz