Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Avropa çempionatında Belçikaya məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, yığmanın üzvü Bakıda keçirilən C qrupunun qarşılaşmasından sonra komandanın müdafiədəki problemlərinin nəticəyə təsir etdiyini bildirib.
“Problemlərimizin sayı kifayət qədər çoxdur və hazırda onların hamısını sadalamağın mənası yoxdur. Buraxdığımız səhvləri özümüz də görürük. Bu gün ilk dəqiqələrdən oyunun bizim üçün çətin keçdiyi hiss olunurdu. Rəqib bizi yaxşı analiz etmişdi və müdafiədə çox inamlı oynayırdı.
Əsas çatışmazlığımız məşqlər zamanı müdafiəyə kifayət qədər diqqət ayırmamağımızdır. Müdafiədə daha yaxşı hazırlaşsaydıq, hücumlarımız da daha effektiv alınardı. Bu gün gördük ki, beynəlxalq səviyyədə rahat xal qazanmaq və hücumda müəyyən epizodları uğurla tamamlamaq kifayət deyil.
Psixoloji baxımdan sadə səhvlər komandaya ciddi təsir göstərir. Qadın voleybolunda bir xal belə oyunun gedişini dəyişə bilər. Təəssüf ki, bəzən ən sadə epizodlarda xal itiririk. Heç kim bilərəkdən səhv etmir, hamımız maksimum nəticə üçün çalışırıq. Amma texniki səhvlər bəzən oyunun nəticəsinə ciddi təsir göstərir”, – deyə Rəhimova bildirib.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının C qrupunda 4 oyundan sonra 8 xalla ilk üçlükdə yer alır. Yığma daha əvvəl Portuqaliya, İspaniya və Rumıniya üzərində qələbə qazanıb.
