Azərbaycan voleybol millisinin hücumçusu Marqarita Stepanenko Avropa çempionatında Rumıniya üzərində qazanılan qələbəni dəyərləndirib.
İdman.Biz xəbər verir ki, voleybolçu bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Stepanenko Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada əldə olunan qələbənin vacibliyini vurğulayıb:
“Bu gün qələbə qazandığımız üçün şadıq. Hesabdan asılı olmayaraq, bu qələbə çox vacib idi. Bu voleyboldur, oyunda yüksəliş də olur, eniş də. Yorğunluğa baxmayaraq, bir komanda kimi oynadıq, xarakter nümayiş etdirdik. Çünki öz evimizdə oynayırıq, azarkeşlərimiz bizi dəstəkləyir. Bütün Azərbaycan bizə inanır. Ona görə də qalib gəlməli idik”.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu Azərbaycan millisi Rumıniyanı 3:2 hesabı ilə məğlub edib. Ardıcıl üçüncü qələbəsini qazanan yığma 8 xalla C qrupunda liderdir.
