Fərid Cəlalov: “Azərbaycanın voleybol millisinin fiziki və texniki hazırlığı yüksək səviyyədədir”

24 Avqust 2026 14:43
74
Fərid Cəlalov: “Azərbaycanın voleybol millisinin fiziki və texniki hazırlığı yüksək səviyyədədir”

“Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin fiziki və texniki hazırlığı yüksək səviyyədədir”.

Bunu Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin sabiq baş məşqçisi Fərid Cəlalov deyib.

39 yaşlı mütəxəssis komandanın Portuqaliya və İspaniya seçmələrinə qarşı matçlarda inamlı təsir bağışladığını bildirib.

“Azərbaycan millisi ilk 2 görüşdə Portuqaliya və İspaniya yığmalarına qarşı üstün oyun nümayiş etdirərək qalib gəlib. Komandanın fiziki və texniki hazırlığı yüksək səviyyədədir. Baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında başqa cür ola da bilməzdi. Oyunçular meydanda əllərindən gələnin maksimumunu edirlər”, - deyə o report.az-a açıqlamasında söyləyib.

F.Cəlalov komandanın qrupda 1-ci yeri tutmaq şanslarını yüksək qiymətləndirib:

“Bu gün Rumıniya ilə qarşılaşacaqlar. İnanıram ki, komanda yenə sabit oyun nümayiş etdirərək qrupu 1-ci pillədə başa vuracaq. Bunun üçün daha bir neçə addım atmaq lazımdır. Sabitlik qorunarsa, uğurlu nəticə əldə olunacaq”.

O, qitə birinciliyində zəif rəqib olmadığını vurğulayıb:

“Rəqiblərin heç birini zəif hesab etmək olmaz, hamısı güclü komandalardır. Milli böyük hesabla və ya əzmkar qələbə qazanırsa, o demək deyil ki, digər rəqiblərdən hansısa zəifdir. Bu mənada seçim etmək çətindir. Sevindirici haldır ki, heyətdəki 6 oyunçu və 1 libero bir-biri ilə tam uyğunlaşaraq kollektiv oyun nümayiş etdirir, ehtiyat oyunçular da meydana daxil olduqda maksimum güclə mübarizə aparırlar. Hazırda komandada ciddi boşluqlar yoxdur. Bu oyun davam etdirilərsə, yekun nəticənin müsbət olacağına inanıram”.

Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-nə qədər Milli Gimnastika Arenasında keçiriləcək. İki turdan sonra Azərbaycan millisi 6 xalla qrup lideridir. Belçika (5 xal) ikinci, Niderland (2 xal) üçüncüdür. Hərəyə 1 xalı olan Rumıniya ilə İspaniya müvafiq olaraq 4-5-ci yerləri bölüşür. Xalı olmayan Portuqaliya sonuncu - altıncıdır.

Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaq.

İdman.Biz