“Bu komandanın bir hissəsi olmaq istəyimi tez anladım” - “Neftçi”nin kubalı transferinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Müsahibə
19 Yanvar 2026 14:16
54
“Bu komandanın bir hissəsi olmaq istəyimi tez anladım” - “Neftçi”nin kubalı transferinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Kişilər arasında Azərbaycan voleybolu üzrə çempionatda lider olan “Neftçi” heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb. Klub bu yaxınlarda kubalı voleybolçu Karlos Pereyra Larreni transfer edib.

Hücumçu İdman.Biz-ə müsahibəsində keçidi ilə bağlı ilk təəssüratlarını bölüşüb və təklifi cazibədar edən məqamlar barədə danışıb.

- Karyeranızda yeni mərhələyə Bakıda başlayırsınız. Bu dəyişikliklər sizi ruhlandırır?

- Şübhəsiz. Bu, mənim üçün çox vacib və həyəcanlı bir məqamdır. Azərbaycanda oynamaq yeni səviyyəyə yüksəlmək, daha rəqabətli liqada özümü sınamaq və dəyərli beynəlxalq təcrübə qazanmaq deməkdir. Komandaya faydalı ola biləcəyimi sübut etmək üçün güclü motivasiya hiss edirəm.

- Keçidiniz necə baş tutdu?

- Hər şey kifayət qədər sakit və peşəkar şəkildə baş verdi. Agentim “Neftçi”nin marağını mənə çatdırdı, daha sonra şərtləri, klubun məqsədlərini və komandadakı rolumu müzakirə etdik. Layihə mənə çox iddialı göründü və mən tez bir zamanda onun bir hissəsi olmaq istədiyimi anladım.

- Hazırda “Neftçi”də iki kubalı, iki braziliyalı və bir kolumbiyalı çıxış edir. Demək olar ki, komandanın açıq-aşkar latınamerikalı “aksenti” var?

- Bunu demək olar (gülümsəyir). Latınamerikalılar voleybola çoxlu emosiya, enerji və ehtiras gətirirlər. Düşünürəm ki, bu, bizim üstünlüyümüzə çevrilə bilər. Eyni zamanda komandada başqa oyunçular da var və biz vahid kollektiv yaratmağa çalışırıq. Burada milliyyətin əhəmiyyəti yoxdur — əsas olan nəticədir.

- Daha əvvəl vətəninizdə “Avispas de Santyaqo” klubunda çıxış etmisiniz. Bir vaxtlar əfsanəvi Uilfredo Leonun da oynadığı bu komandada yetişmisiniz. Hazırda Kuba voleybolunun səviyyəsini necə qiymətləndirirsiniz?

- Kuba voleybolu hələ də çox istedadlıdır. Bizdə gənc, fiziki cəhətdən güclü oyunçular və yaxşı məktəb var. Ola bilsin ki, infrastruktur və maliyyə imkanları bəzi Avropa ölkələrindən geri qalır, amma fərdi ustalıq səviyyəsinə görə Kuba həmişə rəqabətədavamlı olub və bu gün də belədir.

- Ötən mövsüm Kuba liqasında ən yaxşı hücumçu seçilmisiniz. Azərbaycanda da buna bənzər nailiyyət əldə etmək istərdinizmi?

- Əlbəttə, hər bir idmançı üçün fərdi mükafatlar xoşdur. Amma mənim üçün həmişə birinci yerdə komandanın uğuru dayanır. Əgər mənim yaxşı oyunum “Neftçi”nin qələbələrinə kömək edərsə, deməli, işimi düzgün görürəm. Şəxsi nailiyyətlər isə xoş bir bonus olacaq.

İdman.Biz