“Komandamızın Avropa Liqasında yaxşı nəticələr əldə etmək üçün şansları var”.
Bu sözləri 2026-cı ildə keçiriləcək Avropa Liqasında mübarizə aparacaq Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının üzvü Marqarita Stepanenko deyib.
O bildirib ki, əsas hədəf hər oyunda keyfiyyətli çıxış etmək və komandanın real potensialını ortaya qoymaqdır: “Biz yaxşı və səviyyəli oyun göstərməyə çalışacağıq. Bütün rəqiblərə hörmətlə yanaşırıq, çünki bütün milli komandalar güclüdür. Burada zəif rəqib yoxdur. Ona görə də, xüsusi olaraq hansısa kollektivi fərqləndirmək istəmirəm”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
Voleybolçu bəzi komandaların heyətində fərdi baxımdan güclü oyunçuların olduğunu da diqqətə çatdırıb: “Bununla belə, ötənilki çıxışlara əsasən deyə bilərəm ki, İsveç yığmasında kifayət qədər keyfiyyətli və təcrübəli voleybolçular var. Bu seçmə ilə görüşlər bizim üçün ciddi sınaq olacaq”.
M.Stepanenko nəticənin komandanın oyun səviyyəsindən birbaşa asılı olduğunu vurğulayıb: “Məqsədimiz öz gücümüzü maksimum ortaya qoya bilməkdir. Biz meydançada öz imkanlarımızı tam şəkildə göstərə bilsək, istədiyimiz nəticəni də əldə edəcəyik. Bunu bacaracağımıza inanırıq”.
Qeyd edək ki, Azərbaycan yığması hazırda reytinqdə 27-ci pillədə qərarlaşıb. Yarışın qrup mərhələsində komandamız İsveç, Estoniya, Şimali Makedoniya, İspaniya, İsrail və İsveçrə seçmələri ilə qarşılaşacaq.
