“İlk oyunda yaxşı bir “şillə yedik” - Cəlil Cəlilovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
21 Noyabr 2025 15:04
94
“İlk oyunda yaxşı bir “şillə yedik” - Cəlil Cəlilovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycanın kişi voleybol klubu “Xilasedici” “Challenge Cup”ın 1/32 final mərhələsinin cavab oyununda son dərəcə gərgin keçən matçda Rumıniyanın “Styaua” komandasını 4:1 (25:23, 25:17, 15:25, 28:26, 15:13) hesabı ilə məğlub edib.

Bununla da, ilk görüşdəki 0:3 hesablı yenilgiyə baxmayaraq, “Xilasedici” növbəti mərhələyə adlayıb.

İdman.Biz komandanın baş məşqçisi Cəlil Cəlilovla söhbətləşib.

Məşqçi qarşılaşma ilə bağlı təəssüratlarını bölüşüb:

“Bu, əsl triller idi! “Styaua” çox güclü klubdur, Balkan ölkələrinin çempionu, dəfələrlə ölkə çempionu olmuş bir komanda. Amma bu, idmandır və burada hər şey mümkündür. Uşaqlar tam gücləri ilə oynadılar, demək olar ki, meydanda “ölüb-dirilirdilər” və lazım olan hesabla qalib gəldilər, ardınca isə “qızıl set”i də qazandılar. Bəli, rumın klubu ən azı bizdən iki baş üstün idi - məhz buna görə bu qələbə daha da dəyərlidir. İlk oyundan sonra yaxşı bir “şillə” aldıq və uşaqlar azarkeşlərin qarşısında özlərini reabilitasiya etmək üçün mümkün olan hər şeyi etdilər. Biz çox sevinirik ki, hər şey alındı və növbəti rəqibimizlə oyunu səbirsizliklə gözləyirik”, – baş məşqçi bildirib.

Qeyd edək ki, “Challenge Cup”ın 1/16 final mərhələsində komandamız Belçikanın “Lindeman” klubu ilə pley-off oyunlarında qarşılaşacaq. İlk görüş 10 dekabrda Bakıda, cavab oyunu isə 7 yanvarda Belçikada keçiriləcək.

Vüqar Vüqarlı

İdman.Biz