“Ölkə birinciliyində gənclər və böyüklər arasında ümumilikdə 436 idmançı iştirak edir”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev jurnalistlərə açıqlamasında deyib.
Paşayevin sözlərinə görə, yarışda yeniyetmə və gənclər arasında Avropa və dünya çempionatlarının mükafatçıları da medallar uğrunda mübarizə aparırlar: “Turnirdə iştirak edən idmançıların əsas məqsədi qalib gələrək, yığma komandanın heyətinə düşməkdir. Bu, idmandır, şanslı və daha güclü olan idmançı qalib gəlir”.
Vitse-preizdent Azərbaycan taekvondoçularının 2026-cı ildə çıxış edəcəyi yarışlardan da söz açıb: “Gələn il aprelin 12-17-də Daşkənddə gənclər arasında dünya birinciliyi keçiriləcək. Yarışa hazırlıq prosesinə yanvarın 5-dən etibarən start veriləcək. Gələn il, həmçinin böyüklər arasında Avropa çempionatı, dörd Qran-Pri, eləcə də “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlar nəzərdə tutulub. Milli komanda bu yarışlarda Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün bütün imkanlarını səfərbər edəcək”.
