İyulun 20-26-da Şimali Makedoniyanın Skopye, Kumanov və Xorvatiyanın Osiyek şəhərlərində XVIII Avropa Gənclər Olimpiya Festivalı (EYOF) keçirilib.
İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə EYOF-da qazanılan uğurlara görə idmançıları, məşqçiləri və komandanın bütün üzvlərini təbrik edib.
O bildirib ki, Azərbaycan idmanın, Olimpiya Hərəkatının inkişafı və təbliği istiqamətində özünəməxsus dəsti-xətti ilə dünya idmanında yeni bir səhifə açmağı bacarıb: “EYOF-da yarışlarda iştirak edən ölkəmizin gənc idmançıları hər zaman uğurlu nəticələrlə fərqləniblər. Bu gün Vətənə qayıtmağa hazırlaşan Azərbaycan komandası Olimpiya festivalında 3 qızıl, 3 gümüş, 4 bürünc medal qazanıb. Bu nəticə ilə komandamız medal qazan ölkələr arasında 17-ci yeri tutub. Olimpiya festivalında iştirak edən idmançıları, məşqçiləri və komandanın bütün üzvlərini bu yüksək nəticəyə görə təbrik edirəm. İnanıram ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda uğurlu nəticələr qazanacaq, dünyanın idman arenalarında bayrağımızı qaldırıb dövlət himnimizin səsləndirilməsinə nail olacaqlar”.
Qeyd edək ki, Azərbaycan idmançıları indiyə kimi Avropa Gənclər Olimpiya Festivalında 99 medal (35 qızıl, 29 gümüş, 35 bürünc) qazanıb.
İdman.biz