“Sumoya güləşdən gəlmişəm” - İDMAN.BİZ-in sumo üzrə dünya çempionatından REPORTAJI - FOTO

17 Oktyabr 2026 17:28
139
“Sumoya güləşdən gəlmişəm” - İDMAN.BİZ-in sumo üzrə dünya çempionatından REPORTAJI - FOTO

Bu gün Bakı İdman Sarayında sumo üzrə dünya çempionatı start götürüb. Yarışa sabah - 18 oktyabrda, böyüklər arasında keçirilən yarışlarla yekun vurulacaq.

İdman.Biz saytı olaraq yarışın ilk günüdə Bakı İdman Sarayında yeniyetmə sumoçuların mübarizəsini izlədik, onların yarışdan sonrakı təəssüratlarını öyrəndik.

Əvvəlcə onu qeyd edək ki, ölkəmizdə sumonun dərin kökləri olmasa da, gənclərimizin bu qədim və fərqli idman növünə maraq göstərməsi, beynəlxalq arenada ölkəmizi təmsil etməsi təqdirəlayiqdir.

Təəssüf ki, çempionatın ilk günündə yeniyetmə sumoçularımız bizi sevindirə bilmədilər.

Azərbaycan kişilərdən ibarət komanda yarışında Estoniya seçməsi ilə üz-üzə gələrək məğlub oldu.

Fərdi mübarizədə də təmsilçilərimiz Amin Xasmamedov (açıq çəki) Ukrayna, İsmayıl Kərimov (100 kq) Polşa, yarışdakı yeganə qadın təmsilçimiz Mədinə Qasımova (60 kq) isə Qırğızıstan idmançısına uduzdu.

Hər üç yeniyetmə sumoçumuzla həmsöhbət olub, onların təəssüratlarını və gələcək planlarını öyrəndik.

İlk olaraq açıq çəkidə(openweight) kateqoriyasında mübarizə aparan Amin Xasmamedov fikirlərini bölüşdü. İdmana güləşlə başladığını, lakin 16 yaşından özünü sumoda sınamaq qərarına gəldiyini bildirən idmançımız azarkeş dəstəyinə ehtiyac duyduqlarını vurğuladı:

“Dünya çempionatının məsuliyyətini anlayırıq, yarışa ciddi hazırlaşmışdıq və ölkəmizə medal qazandırmaq istəyirdik. Təəssüf ki, alınmadı. Onu da nəzərə almalıyıq ki, bu mənim ilk beynəlxalq yarış təcrübəm idi. Bu idman növü Azərbaycanda yeni-yeni populyarlıq qazanmağa başlayır. İstərdik ki, daha çox azarkeş zalımıza gəlib bizə dəstək olsun”.

100 kq çəki dərəsində ölkəmizi təmsil edən İsmayıl Kərimov da məğlubiyyətə baxmayaraq ruhdan düşmədiyini və gələcəyə böyük ümidlə baxdığını bildirdi:

“Müəyyən qədər təcrübə çatmadı. Mən də Amin kimi idmana güləşlə başlamışam, lakin sonra sumoya maraq göstərdim. Özümə inanıram, buradakı səhvlərdən nəticə çıxarıb növbəti yarışlarda mütləq uğur qazanacağam”.

Yarışda ölkəmizi təmsil edən yeganə qadın idmançı olan Mədinə Qasımova isə artıq iki sumo ilə peşəkar şəkildə məşğul olduğunu qeyd etdi. Ülvi müəllimin yetirməsi olan Mədinə bu idman növünü daha tez uğur qazanmaq imkanlarına görə seçdiyini bildirdi:

“Məndən əvvəl müsahibə verən dostlarım kimi mən də sumoya güləşdən gəlmişəm. Ötən il Tailandda keçirilən dünya çempionatında iştirak etmişdim, təəssüf ki, həmin vaxt medalçılar sırasına düşə bilmədim. Bugünkü rəqibim qırğızıstanlı idi, təəssüf ki, onu üstələyə bilmədim. O isə növbəti mərhələdə Yaponiya idmançısına məğlub oldu. Mən sabah böyüklər arasında keçiriləcək yarışlara da qatılacağam. İnşallah, orada səhv etmərəm və mükafatçılar sırasına düşərəm”.

Məlumat üçün əlavə edək ki, Azərbaycanın sumo üzrə beynəlxalq arenada iştirakı 2007-ci ildən başlayır. Hazırda Bakı İdman Sarayında davam edən sumo üzr dünya çempionatında dünyanın 30-a yaxın ölkəsindən müxtəlif yaş qruplarını təmsil edən idmançılar medallar uğrunda mübarizə aparırlar.

İdman.Biz